“Roman və hekayə kitabları ən yaxşı xəzinəyə çevriləcək”

Məhəmməd Əli Camalzadə (1892-1997) İran ədəbiyyatında realizm cərəyanının banisi və qısa hekayənin atası hesab edilir. O, müasir İran ədəbiyyatında ilk qısa hekayələr toplusu “Yeki bud, yeki nəbud” (“Biri var idi, biri yox idi”) kitabını 1922-ci ildə Berlində nəşr etdirib. Təqdim etdiyimiz mətn Camalzadənin həmin kitaba yazdığı dibaçə – ön sözdür. Bu dibaçə İran ədəbiyyatında klassik formanın hökmranlığına qarşı çıxan manifest sayılır. Camalzadə bu mətndə ədəbiyyatın təmtəraqlı saray dili ilə yox, küçədəki sadə insanların dili ilə yazılmalı olduğunu müdafiə edir, müasir nəsrin, roman və hekayə janrlarının əhəmiyyətindən danışır.

Camalzadə ədəbiyyata yenilikçi yanaşmasına və satirik üslubuna görə Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə kimi XIX əsrin sonu – XX əsrin əvvəllərinin maarifçi yazıçılarını xatırladır. Lakin sonralar Sadiq Hidayət başda olmaqla yeni nəsil İran yazıçıları tərəfindən tənqid olunub. Sadiq Hidayət onun üslubunu bədiilikdən uzaq qəzet dili sayırdı və Avropada yaşayan yazıçının İran həqiqətlərinə baxışını bəsit hesab edirdi. Bütün bu tənqidlərə baxmayaraq, tərcüməsini təqdim etdiyimiz mətn cəmiyyət üçün bədii ədəbiyyatın, xüsusən də çağdaş dildə yazılmış nəsrin əhəmiyyətini vurğulayan maraqlı mətnlərdən biridir.

Fars dilindən tərcümə: Mehdi Dostəlizadə

***

İskəndərin dastanı köhnəldi, əfsanə oldu,
Sən başqa şirin söz gətir!

İran bu gün ədəbiyyat yolunda dünya ölkələrinin əksəriyyətindən xeyli geri qalıb. Başqa məmləkətlərdə ədəbiyyat tədricən rəngarənglik taparaq bütün təbəqələri öz təsiri altına alıb: qadından kişiyə, varlıdan kasıba, məktəbli uşaqdan qocaya qədər hamını oxumağa rəğbətləndirib və beləliklə, millətin ayrı-ayrı fərdlərinin mənəvi tərəqqisinə səbəb olub. Bədbəxtlikdən, İranda köhnələrin üslubundan kənara çıxmaq ədəbiyyatın məhv olması hesab edilir.

Bütün dünyada məşhur olan İran siyasi istibdadı ədəbiyyata da sirayət edib, bu mənada ki, yazıçı əlinə qələm alanda diqqəti yalnız bir dəstə füzəla və üdəbanın üzərində olur və başqalarına məhəl qoymur, hətta oxuyub-yazmağı bacaran, sadə yazıları heç bir çətinlik çəkmədən mütaliə edən, anlayan şəxsləri belə diqqətə almır, xülasə, ədəbi demokratiyanın ətrafına dolanmır.

Bu məsələ, xüsusən İran kimi, camaatın bisavad hissəsinin hər cür tərəqqinin qarşısını aldığı məmləkətdə çox təəssüf doğurur. Çünki bir dəstə həqiqətləri öyrənmək yolundadırsa, ruhi qida və qüvvət tapmaq üçün səy göstərirsə, camaatın başqa bir dəstəsi, məşhur məsəldə deyildiyi kimi, heyvanlara bənzəyir, əgər kimsə onları düşünüb qəmlərini çəkməsə, qiyamətə qədər cəhalət, zillət və zülmətdə sərgərdan qalarlar.

Bu cür fikirlər mədəni cəmiyyətlərdə icbari təhsilin ortaya çıxmasına səbəb olub, yəni elm, bəsirət, fəzilət və kamal sahibləri avam camaatın da bilik və mərifətdən bəhrələnməyini istəyib. Əgər belə olmasaydı, ziyalılar avam camaata vaxt sərf etməyin lazımsız olduğunu, biliyin faydalarını onların özünün dərk edib nəhayət öyrənməyə başlayacağını düşünsəydilər, Allah bilir nə vaxt bu fikrə gəlib çatacaqdılar. Çünki bu iddia həqiqətə söykənsəydi, indiyə bütün iranlılar savadlı olmuşdular və hazırda olduğu kimi yüz nəfərdən birinin savadlı olmağı əvəzinə, ən azından xalqın üçdə biri, ya dörddə biri savad sahibi idi. Halbuki, biz iranlılar hər birimiz böyüklərdən, əyandan, ticarətçi həmvətənlərimizdən neçəsini tanıyırıq ki, əllərində hazır olan bu qədər vəsaitə baxmayaraq cəmi bir aylarını oxuyub-yazmaq bacarığı əldə etmək, heç olmasa bir az savadlanmaq üçün sərf etməyiblər.

Xülasə, hələ də bizim məmləkətimizdə qələm sahibləri yazı əsnasında avamın başa düşməyəcəyi inşalar ətrafında dolanırlar. Halbuki, tərəqqi əldə etmiş bütün mədəni cəmiyyətlərdə sadə, avamı zəhmətə salmayan dil üstünlük təşkil edir. O ölkələrin əhalisinin ümumən məktəb görmüş, savadlı olmaqlarına, qəliz mətləbləri anlamaqda çətinlik çəkmədiklərinə baxmayaraq, yenə də sadə dil bəyənilir. Yazıçılar hey çalışırlar ki, camaatın küçə və bazarda istifadə etdiyi sözləri, ümumişlək istilahları ədəbi müstəviyə çəkərək sənətkarlıqla kağıza köçürsünlər. Hətta böyük alimlər də səy göstərirlər ki, öz kitablarını və yazılarını mümkün olduqca sadə dildə yazsınlar. Bundan əlavə, onlardan bir çoxu mətləbi çatdırmaq üçün aşkar həqiqətləri hekayə formasında təqdim edirlər. Məsələn, əsrin ən məşhur alimlərindən olan fransız münəccim Flammarion bir çox astronomiya və riyaziyyat mövzularını roman, hekayə formasına salıb, bu romanlar bir çox dilə tərcümə edilərək dünyaya fayda verib. Əgər təkcə bir dəstə alimə xitab etmək istəsəydi, daha az vaxt sərf edərdi, amma səsi-sədası ancaq astronomiya ilə məşğul olanların qulağına çatardı. Halbuki, indi bütün dünyada tanınır, xeyli insanın ruhuna təbiətin sirləri və yaradılışın bənzərsiz gözəlliyinin idrakı ilə ləzzət bəxş edir.

Fransa ədəbiyyatına ilk dəfə nəzər salanda, ola bilər ki, bu gün fransız ədəbiyyatının böyük hissəsini təşkil edən romanın çoxluğu insanda o ədəbiyyatın nöqsana düçar olduğu təsəvvürünü yaratsın. Halbuki, heç vaxt dünyanın heç yerində ədəbiyyat bu günün Fransasında olduğu qədər inkişaf etməyib. Fransa camaatının gündəlik həyatına baxanda kitabın bıçaq, çəngəl, corab, dəsmal kimi məişət ləvazimatları ilə yanaşı olduğunu görmək bu mətləbin doğruluğunu təsdiq edir. Əlbəttə, bunun əsas səbəbi mətnin roman və hekayə yoluna düşməsidir.

Romanın qeyd etdiyimiz qazanclardan başqa, mühüm faydaları var: əvvəla, o, çörək qazanmaq uğrunda zəhmət çəkdiklərinə görə məktəbə getmək imkanı olmayanlar, elmi və fəlsəfi kitabları bir gecədə oxuyub bu yolla mərifət əldə etməkdən ötrü dərrakə və macal tapmayanlar üçün bir məktəbdir. Roman şirin dil və cəlbedici üslubla zehni və ruhu təzələyir, şadlıq yaradır və bizə bir çox lazımlı və faydalı – istər tarixi və elmi, istərsə də fəlsəfi və əxlaqi məlumatlar ötürür. Bundan başqa, peşə, iş və məişətlərinin müxtəlifliyi səbəbindən bir-birinin halından, düşüncələrindən, hətta oturub-durmaqlarından xəbərsiz olan adamları bir-birindən xəbərdar edir, onları yaxınlaşdırır. Məsələn, şəhərli bilmir ki, kənddə gəlini bəyin evinə necə köçürürlər. Yaxud, kəndli bilmir ki, şəhərdə qadınlar necə yaşayırlar. Hətta kasıb şəhərlilər həmin şəhərin imkanlılarının iş-gücündən xəbərsizdir, eləcə də əksinə, ağalar, böyüklər öz xidmətçilərinin yaşayışından bixəbərdir. Bizim öz İranımızda böyük şəhərlər bir-birinin vəziyyətindən, əxlaqından, adətlərindən bir şey eşitməyib. Məsələn, Kuçanda bilmirlər ki, Tehranda Qurban bayramı necə keçirilir və s.

Roman millətin müxtəlif nümayəndələrini bir-biri ilə tanış edir: şəhərlini kəndliylə, nökəri fəhləylə, qaşqaylını giləklə, şəriətçini sufiylə, sufini zərdüştiylə, zərdüştinin babi ilə, tələbəni zorxana işçisiylə, vəkili də satıcıyla yaxınlaşdırır, cəhalət, nadanlıq səbəbindən ortaya çıxmış minlərlə təəssüb yaradan ayrılığı aradan aparır. Başqa millətlərin ruhi, ictimai vəziyyətini öyrənmək istəyən, amma təkcə padşahların siyasi və hərbi həyatından danışan tarix kitabları ilə qane olmayan şəxslər üçün də roman oxumaqdan daha yaxşı bir seçim yoxdur. Məsələn, bu gün Kürdüstanın göbəyindəki hansısa dağın ətəyində yaşayan hansısa kürd xanı dünyanın o başında, okeanın ortasında yaşayan, heç bir iranlının ayağının dəymədiyi İslandiyanın əhalisinin məişət detallarını, adətlərini təkcə roman vasitəsilə öyrənə bilər və eynilə, bunun əksi.

Belə demək olarsa, roman millətlərin, xalqların əxlaqını və səciyyəvi xüsusiyyətlərini əks etdirən ən yaxşı güzgüdür. Rusiya xalqını tanımaq üçün Tolstoy və Dostoyevskinin kitablarını oxumaqdan daha yaxşı yol yoxdur, yaxud hansısa əcnəbi əgər iranlıları tanımaq istəsə, Moriyerin “Hacı baba”, Artür de Qobinonun “Türkmən müharibəsi” və “Qəmbərəli” əsərlərini oxumalıdır. Ümumiyyətlə, insan təbiət etibarilə roman oxumağa meyllidir. Bu yolla hər cür siyasi təbliğat da aparmaq olar. Əgər Əlcəzairin polyak Senkeviç kimi Avropa və Amerikada şöhrətə sahib bir neçə mahir yazıçısı olsaydı, onların hər bir romanı bir neçə qoşunun, yüzlərlə bəlağətli nitqin işini görərdi, camaatın məhəbbətini o məmləkətə və o millətə cəlb edərək onlara qarşı dünyada münasib fikir formalaşdırardı.

Romanın və roman yazmağın ən vacib faydalarından biri də onun bir dilə olan töhfəsidir. Çünki yalnız roman yazmaqla – əlbəttə, məqsəd hekayə inşa etməkdir, istər bir kitab formasında, istər pyes, istərsə də məktub – bütün kəlmələrdən, ibarələrdən, atalar sözlərindən, terminlərdən, fərqli cümlə quruluşlarından, ləhcələrdən istifadə oluna bilər. Roman hətta millətin müxtəlif təbəqələrinin səsini qeydə alıb saxlayan qrammofona çevrilə bilər, halbuki qədim, elmi mətnlər bu işin öhdəsindən gələ bilmir, nadir hallarda özünəməxsus söz, termin çərçivəsindən kənara çıxır. Məsələn, hansısa şairin İranda ən çox sevilən şeir növü olan qəzəl və qəsidəni kənara qoyub Novruz bayramı və ya ov kimi şeylər haqda yazdığı bir şeirdə Novruza və ova aid olan bütün sözlərdən, terminlərdən, təbirlərdən istifadə etməsinə çox az rast gəlinir. Hətta kimsə buna cəhd göstərsə də, yenə də vəzn, fəsahət məsələlərinə görə fikrindən daşınır. 

Söz dağarcığının məhdudluğu səbəbindən, təkcə kitab vasitəsilə fars dilini öyrənmək istəyən xaricilər bu asanlıqda dili uzun müddət öyrənəndən sonra elə danışırlar ki, biz iranlıları gülmək tutur. Məsələn, məktəblərində fars dilinin təlimi icbari olan osmanlılar “dost” və “məşuqə” sözlərini ifadə etmək üçün “yar”, “dildar”, “dilbər canan”, “nigar” sözlərindən istifadə edirdilər. Bilmirdilər ki, bu yar “ənbər”lə cana od vurur, ya da onun ədəbsiz rəqibinin üzünə vurduğu zərbə “çək” və “keşide” adlanır. Bu sətirlərin müəllifinə bir dəfə həmin millətin ədiblərindən biri ilə görüşmək qismət oldu. O, İran şairlərinin divanlarından minlərlə beyt əzbər bilirdi, amma buna baxmayaraq biz sadə məsələləri fransız dilində danışmağa məcbur olduq. Mənim farscamı o başa düşmürdü, onun farscasını da mən. Bunun səbəbi aydındır, bu günün dilində yazılmış heç bir kitab yoxdur ki, fars dili onun üzərindən tədris edilsin. Qələm sahiblərimiz nəsr yazmağı ümumiyyətlə özlərinə ayıb bilirlər, hətta əgər nəsr yazsalar, ayaqlarını Sədinin “Gülüstan”ından aşağı qoymaqları mümkün deyil!

Mirzə Fətəli Axundovun əsərlərinin tərcüməsinə yazdığı müqəddimədə məşhur fransız şərqşünas Barbye-de-Meynar fars dilini öyrənmək istəyən fransız tələbələrin köməyinə gələcək sadə fars dilində bir kitabın olmaması barədə belə deyir: 

Gərək ancaq şərqlilərin özündən istəyək ki, öz gündəlik dillərindən bizim üçün nümunə gətirsinlər. Bədbəxtlikdən, onların da əlində çox bir şey yoxdur. Müsəlman aləminin ədəbi zövqündən və qaydalarından xəbərdar olan şəxs üçün onlarda nəsrin olmaması təəccüb doğurmur. Çünki müsəlman aləmində kimsə danışdığı kimi yazsa, cümlə quruluşları, ləhcələr, söhbət tərzlərini kitaba, yaxud məktuba salsa, bu, onun şəninə və özünə, müqəddəslərə təhqir hesab olunur, bəyanın mənalarına xəyanət hökmü ilə nəticələnir və batil, puç iş kimi tənə və lənətə səbəb olur.

Qəribədir ki, son dövrlərdə Həsənəli Xan Əmiri-Nizam, Mirzə Əbülqasim Qaim-Məqam və Mirzə Əbdülvəhhab Nəşat kimi müəlliflər öz yazılarında sadəliyi seçmiş, köhnələri təqlid etməkdən əl çəkmiş olsalar da, çoxluğun gözündə bəyəniliblər və yazıları dəfələrdə çap olunub. Yenə də ədiblərimiz bu məsələdən dərs çıxarmayıb və qorxuları aradan getməyib!

Xülasə, dedik ki, hekayə sözləri istifadə etmək üçün ən yaxşı mətnlərdəndir. Məlum oldu ki, beləliklə dilin leksikonu bir yerdə qorunub saxlanır. Zaman ötdükcə o sözlər də aradan gedir və təzə sözlər ortaya çıxır. Belə olduqda, roman və hekayə kitabları dil üçün ən yaxşı xəzinəyə çevriləcək, hətta lüğət kitablarından da yaxşı olacaq. Lüğət kitabı hər nə qədər müfəssəl olsa da, yenə də sözlər, terminlər lazım olduğu kimi ələ gəlməyəcək, roman isə bu işin öhdəsindən gəlir. Bundan əlavə, elə sözlər, birləşmələr var ki, lüğət kitablarına salınmır. Məsələn, məştilərin və avaraların istifadə etdiyi sözlərin hamısını lüğətə salmaq mümkün deyil. Bu gün bir çox farsdilli “Seyid Əli ra bepa” (“Seyid Əlidən muğayat ol” – tər.) cümləsini eşidəndə onun mənasını anlayır, amma belə bir ifadə lüğətdə hansı sözün altında yer tapa bilər?

Bu sətirlərin müəllifi qara camaatın arasında məşhur olan avamanə sözləri nümunə olaraq kitabın sonunda qeyd edib. Fransız dilində bu cür sözlərə “arqo” deyilir və hətta ədəbi məclisin üzvü olan məşhur fransız şairləri Fransua Viyon və Jan Rişpen bu dildə şeirlər yazıb. Məlumdur ki, bu sözlərin sabit və möhkəm mənaları var. Onların çoxu “nan” və “ab” (“çörək” və “su” – tər.) sözləri kimi farsdillilər üçün ümumişləkdir və gərək haradasa qeyd edilib qorunsunlar ki, tədricən unudulub aradan getməsinlər. Ədiblərin vəzifəsi bu sözləri yazılarında istifadə etmək və beləcə, həmin sözləri ədəbi dilin bir hissəsinə çevirməkdir. Başqa ölkələrdə də bu cür edirlər. Xüsusən bu sözlərdən bəzilərinin, o cümlədən “bambul” (hiyləgərlik etmək – tər.), “dəbbe dər avordən” (hansısa bəhanəylə məsuliyyətdən boyun qaçırmağa çalışmaq – tər.), “xol” (başdanxarab – tər.) kimi sözlərin mənasını dolğun ifadə edən başqa kəlmə yoxdur deyə, yazıçı məcbur qalıb öz xəyalındakı mətləbdən daşınır. Ya da öz fikrini tam çatdırmaq istəyirsə, başqa yolu yoxdur. 

Bəzi şəxslər köhnələrin istifadə etmədiyi sözləri işlətməyi düzgün saymırlar. Elm isə sübut edib ki, düşüncələr, hisslər, zövqlər dünyadakı başqa şeylər kimi inkişaf etməkdədir. Sözlərin mənanın yaranmasından sonra əmələ gəldiyini qəbul etsək, hər gün yeni xəyalların, həqiqətlərin, hisslərin ortaya çıxması təzə kəlmələrin tapılmasını da labüd qılır. Məlumdur ki, belə sözlərdən çəkinmək yazıçını hansı dərd-sərə salır. Belə vəziyyətdə nə xəyal, nə mətləb yaxşı yetişər, nə də ifadə əziyyətdən, zəhmətdən kənarda qalar. Yeni sözlərdən üz çevirmək və qədim kəlmələrlə kifayətlənmək körpə uşağın paltarını yekə, boylu-buxunlu cavana geyindirməyə bənzəyir. Məşhur fransız şairi Viktor Hüqo bu barədə yazırdı:

Dil heç vaxt dayanmır. İnsanın fikri elə hey inkişaf edir, başqa sözlə desək, hərəkətdədir. Dillər də onunla birlikdə seyr və hərəkət içərisindədir.

Dünyanın nizamı bu cürdür – bədən dəyişdikdə paltar dəyişməzmi? Milad təqvimi ilə XIX əsrin fransız dili XVIII əsrin fransız dili ilə eyni ola bilməz, həmçinin, XVIII əsrin dili də XVII əsrin dili ilə. Montenin dili Rablenin, Paskalın dili Montenin dilindən fərqlənir. Monteskyönün dili də Paskalın dili ilə eyni deyil. Buna baxmayaraq, onların dördünün də fransız dili əla səviyyədədir, çünki hər birinin öz xüsusiyyəti var. 

Hər dövrün məxsusi düşüncələri, mənaları var. Bu mənalara dəlalət edən lüğətlər və sözlər də olmalıdır. Dil dəniz kimidir, dayanmadan hərəkətdədir. Dalğaların kənara atdığı şeylər tədricən quruyub məhv olur. Xəyallar, düşüncələr, sözlər və lüğətlər də beləcə yavaş-yavaş unudulur və itib gedir. Dil də dünyanın başqa şeyləri kimidir: hər dövr ona nələrsə əlavə edir və nələrisə ondan alır. Gərək boş-boşuna dilin hərəkətinin qarşısını almağa, onu sabitləşdirməyə cəhd etməyəsən. Dilin günəşinə hökm edən ədəbiyyat yeşualarının bütün cəhdləri puçdur. Dil dayanmaq bilmir. Dil yalnız o vaxt dayanacaq ki, həyatı bitmiş, ölmüş olsun.

Yuxarıda qeyd edilən məsələlərlə bağlı fikir bildirən həmvətənlər belə güman edirlər ki, fars dili və ədəbiyyatı ədiblərdən və ziyalılardan ibarət hansısa birliyin yaradılmasına bağlıdır. Onlar bir yerə yığışıb hansı sözlərin İrana lazım, faydalı olması, yazıçıların hansı sözləri istifadə etməsi, hansıları işlətməməsinə qərar verməlidir. Milli Məclis ölkəni əlində tutduğu kimi, bu ədəbi qurum da ölkənin dil və ədəbiyyatının ixtiyarını əlinə almalıdır. Müəllifin fikrincə, bu etiqadın mənbəyi həmin cənabların Fransada ədəbi işlərlə məşğul olan Akademiya adlı bir qurum barədə eşitməkləridir. Onlar belə təsəvvür edirlər ki, fransız ədəbiyyatının inkişafı həmin qurum sayəsində baş tutub və bu cür quruma İranın da ehtiyacı var. Müəllif belə bir qurumun faydalarını inkar etmir, amma həm də bilmək lazımdır ki, Fransız Akademiyasının vəzifəsi təkcə lüğət kitabı yazmaqdır, başqa səlahiyyətə sahib deyil – əgər fransız ədəbiyyatına xidmət edirsə, əsasən təşviq yolu ilədir. Bir çox böyük ölkədə belə bir qurum olmasa da, ali səviyyədə ədəbiyyata sahibdirlər.

Cənab Mirzə Məhəmməd Əli xan Zəkaül-Mülk Füruği bu detala çox gözəl diqqət edib və 1332-ci ilin rəcəb ayında (1915-ci ilin mayında – tər.) Tehrandakı Amerikan məktəbinin iyirmi üçüncü məzuniyyət günündə belə buyurub:

Bəzi dostların ağlına gələn qəribə şeylərdən biri də budur ki, gərək fars dilinin təkmilləşməsi üçün elmi, ədəbi qurumlar, yaxud başqa sözlə, Akademiya təsis edək, orada yeni sözlər yaransın. Zənn ediblər ki, xarici ölkələrdə bu cür qurumlar belə işlərlə məşğul olur. Halbuki söz yaratmaq qurumların işi deyil, əksinə, elm əhli yazı əsnasında öz zövqləri əsasında ehtiyac duyduqları sözləri inşa edirlər. Əgər münasib sözlər seçmiş olsalar, təbii olaraq qəbul edilir və yayılır. Elmi və ədəbi qurumların elmi və dili təkmilləşdirməsi isə başqa üsullarla baş verir. Onların işi əsasən ziyalıları təşviq etmək və işlərini asanlaşdırmaqdır.

“Əsri-cədid” qəzeti, beşinci nömrə, 1333

Əgər insan başqa ölkələrin ədəbiyyatının tərəqqi və təkamülünü meyar götürüb həmin millətlərin öz ədəbiyyatlarını hansı yolla inkişaf etdirdiklərinə baxsa, İranın da eyni xətti tutması üçün ən yaxşı yolun nə olduğunu asanlıqla görər. Bu yol ondan ibarətdir ki, ölkənin ədibləri və ziyalıları ildə bir dəfə, bayram vaxtı və ya başqa vaxtlarda keçmiş şairlərin qəsidə və qəzəllərinə nəzirə yazmaqla kifayətlənməsinlər. Öz qələmlərinin fəaliyyət dairəsini daha da genişləndirsinlər və ədəbiyyatın bütün janrlarında, xüsusən də nəsr və hekayə sahəsində mütəmadi olaraq yeni yazılar və mətnlər vasitəsilə bizim donmuş ədəbiyyatımızın bədəninə yeni bir ruh üfürsünlər. Onlar bu durğun bazara öz zərif bəyanları və ruhu bəsləyən parlaq fikirləri ilə yeni bir rəvac və zinət bəxş etməlidirlər. Əlbəttə ki, elm və bəsirət əhli yazmağa başladıqca, tədricən sağlam zövq və aydın təbiət sayəsində, qayda-qanunlara riayət etməklə və zəruri məqamları nəzərə almaqla (dilin ruhuna zidd olmamaqla) yeni sözlər və terminlər də dilə daxil olar. Dil eyni zamanda saflaşar və cilalanar. Necə ki, fiziki idman insanın damarlarında qanı təmizləyib ona yeni bir qüvvət verirsə, ədəbiyyatın damarlarında da təzə qan dövran edər. Beləliklə, bizim ədəbiyyatımız da yavaş-yavaş təravət və gözəllik qazanar, qədim ədəbiyyatımız kimi hər bir iranlılın fəxr və qürur mənbəyinə çevrilər.

Yuxarıda qeyd olunan məqamları nəzərə alaraq bir qrup aydın fikirli dostun, xüsusilə də ədiblərin fəxri, fəzilətli cənab əllamə, məşhur Mirzə Məhəmməd xan Qəzvininin təşviqi ilə bu sətirlərin müəllifi qərara gəldi ki, vaxt keçirmək və könül xoşluğu üçün qələmə aldığı bir neçə hekayə və nağılı çap etdirsin. Ümid edirəm ki, bu zəif səs xoruzun sübh çağı banlaması kimi yuxulu karvanı oyadar və bizim ədiblərimizi, alimlərimizi zəmanənin tələblərindən xəbərdar edər. Gərək bu yeni fikirlər və xəyallar bulud arxasında itmiş günəş kimi, yaxud sədəfin içindəki inci kimi gizli qalmasın. Ümidvaram ki, səfsətəyə bənzəyən bu qarışıq və nizamsız hekayələr zövq əhli tərəfindən bəyənilər və bizim qüdrətli yazıçılarımızın qələmi üçün yeni bir yol açar. Mənim bu xidmət və zəhmət müqabilində həmin mükafatdan başqa təmənnam yoxdur ■

Notes

  1. Sadiq Hidayət (1903-1951) – İran ədəbiyyatında modernizmin ilk nümayəndələrindən biri, “Kor bayquş” romanının müəllifi.

  2. Fərruxi Sistani – XI əsrin görkəmli şairi, Qəznəvilərin saray şairi.

  3. Camalzadənin kinayə ilə işlətdiyi bu ifadə ərəbcə “fəzilət və ədəb sahibləri” mənasındadır.

  4. Camille Flammarion (1842-1925) – fransız astronomu və yazıçısı, astronomiya mövzusunda onlarla elmi-popular kitabların və elmi-fantastik romanların müəllifi.

  5. Kuçan – İranın Xorasan əyalətində şəhər.

  6. James Justinian Morier (1782-1849) – britaniyalı diplomat və yazıçı, Qacar İranı haqqında populyar romanların müəllifi; Arthur de Gobineau (1816-1882) – fransız siyasətçi və yazıçı, irqçiliyin əsas nəzəriyyəçilərindən biri.

  7. Henryk Sienkiewicz (1846-1916) – polyak ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1905).

  8. Sədi Şirazinin (1210–1291) həm nəsr, həm də nəzmlə yazılmış “Gülüstan” əsəri farsdilli ədəbiyyatın şah əsərlərindən hesab edilir.

  9. Charles Barbier de Meynard (1826-1908) – fransız yazıçısı və şərqşünası, Firdovsinin fransız dilinə tərcüməçilərindən biri.

  10. Camalzadənin müasirləri olan İran yazıçıları.

  11. “Məşədi” sözünün təhrif olunmuş forması olan “məşti” sözü Azərbaycanda danışıq dilindəki “cayıl” və ya “qədeş” sözlərinin oxşarıdır.

  12. Muğayat olmaq, güdmək, sayıq olmaq mənası verən “bepa” sözü danışıq dilində qrammatik qaydaları pozmaqla “pa”, yəni “ayaq” ismindən yaranmış fel olduğu üçün bir müddət lüğətlərə salınmırdı.

  13. François Villon – XV əsrin tanınmış şairi; Jean Richepin (1849-1926) – şair, yazıçı və dramaturq.

  14. Victor Hugo (1802-1885) – şair, yazıçı, dramaturq, “Səfillər” və “Paris Notrdam kilsəsi” kimi populyar romanların müəllifi.

  15. Michel de Montaigne (1533-1592) – fransız renessansının görkəmli nümayəndəsi, esse janrının yaradıcısı; François Rabelais – XVI əsr fransız humanisti, “Qarqantua və Pantaqruel” əsərinin müəllifi; Blaise Pascal (1623-1662) – fransız riyaziyyatçısı və filosofu, “Düşüncələr” əsərinin müəllifi; Montesquieu (1689-1755) – siyasi nəzəriyyəçi, “Qanunların ruhu” əsərinin müəllifi, hakimiyyətlərin bölünməsi prinsipini formulə etməyinə görə tanınır.

  16. Yeşua, Yehoşua, Yuşə və ya İisus Navin – Həzrəti Musadan sonra yəhudi qəbilələrinə başçılıq etmiş peyğəmbər. Bibliyada nəql olunan rəvayətə görə, kənanlılarla Gibeon döyüşü uzandığı üçün Yeşua Allaha dua edir ki, günəşin batmağını ləngitsin və döyüş bitənə qədər günəş səmada hərəkətsiz dayanır.

  17. Kardinal Rişelye tərəfindən 1635-ci ildə təsis edilmiş Fransız Akademiyasının bir vəzifəsi də fransız dilinin rəsmi orfoqrafiya normalarını tənzimləməkdir.

  18. Məhəmməd Əli Füruği (1877-1942), iranlı siyasətçi, yazıçı və jurnalist, Fars Dili və Ədəbiyyatı Akademiyasının (İran Akademiyası) yaradıcılarından biri.

  19. Mirzə Məhəmməd xan Qəzvini (1874–1949) – İran ədəbiyyatşünası və tarixçisi.

Discover more from fm/am

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading