Qarovulçu

Beş dəqiqə ara ilə telefonda üç zəng qururdu, yenə səhərlər vaxtında oyana bilmirdi. Az qala hər gün gecikdiyinə görə administrator dünən onu işdən qovmuşdu. Bu gün doyunca yatmaq istəyirdi, amma zəngləri söndürmək yadından çıxmışdı. Tərs kimi, birinci zəngə gözlərini açdı. Qapını elə bil kimsə yumruqlayırdı. Söyə-söyə telefonun zəngini söndürüb adyalı başına çəkdi. Qapı yenə döyüldü.

— S… içini… Qoymazlar ölək, — adyalı kənara atdı, yerindən sıçrayıb stulun başından futbol maykası və şortiki götürdü, lüt bədəninə keçirib koridora çıxdı. Qapını döyən qonşu Məlahət xala idi.

— Rasim, bağışla, sən canın, yuxudan elədim… Totuş yoxa çıxıb… Hamıdan soruşmuşam, dedim birdən sənin yanına gələr?

— Totuş nə gəzir burda… Görməmişəm, — deyib qapını bağlamaq istədi.

Məlahət xala əli ilə qapını tutdu:

— Cəmilənin nəvələri hardansa it gətirib, bağlayıblar həyətə… Bütün pişikləri pərən-pərən salıb. O birilər cəhənnəm, hamısı küçə pişiyidi… Bəs mənimki axı ev pişiyidi… Səni də yuxudan oyatdım, bağışla…

Məlahət xalanın 70 yaşı olmazdı. Əri öləndən sonra mehrini pişiklərə salmışdı. Hər dəfə pensiya keçəndə məhəllənin pişikləri üçün bir aylıq quru yem alırdı. Evdə də Totuş adında Van pişiyi saxlayırdı. 

— Totuş bura gəlməyib, Məlahət xala…

— Yaxşı, oğlum, — Məlahət xala Rasimin şortikini süzdü, — mən gedim, o biri məhləyə də baxım…

Rasim qapını örtüb mətbəxə keçdi. Məlahət xalanı, pişikləri, itləri, həyətə it gətirən qonşu uşaqlarını ürəyində söyə-söyə çayın altını yandırdı. Siqareti qurtarmışdı. Çayın altını söndürüb paltarını dəyişmək üçün otağa qayıtdı.

Dükana gedəndə iti gördü. Balaca qara it idi, köhnə kəndirlə həyətin ortasındakı qaysı ağacına bağlamışdılar. İt zingildəyib kəndiri gəmirirdi. 

Rasim siqaret alıb dükandan çıxanda telefonuna bildiriş gəldi. Ekrana baxdı. “19 emsal!!! Gunun en cox oynanan merci…” Axşamkı oyunlara kupon yazmalı idi. Rasim işdən gələndən sonra Instagram-da reels izləyir, kupon yazır, gecə də oyunları sıxırdı. Oyunların başlamağına hələ var idi. Daha işə getməyəcəkdi, bir az reels izləyib axşama kimi yata bilərdi. Evə qayıdanda iti yerində görmədi. İt kəndiri qırıb qaçmışdı.

***

Rasim yuxudan itin zingiltisinə oyandı. Hava qaralırdı. Deyəsən qonşu uşaqlar iti tapıb gətirmişdilər. Rasim pərdəni çəkib pəncərədən həyətə boylandı. İti yenə ağaca bağlamışdılar. Mətbəxdən iki sosiska götürdü, koridora keçib qapını açdı, həyətə çıxmadan sosiskaları itin qabağına tulladı. İt səsini kəsdi. Oyunların başlamağına az qalırdı. Rasim itin susmağından istifadə edib tez kupon yazmaq istəyirdi. 

Yarım saat sonra it yenə zingildəməyə başladı. İtin səsi Rasimin başına düşürdü. İt indi həm zingildəyirdi, həm də hürürdü. Rasim siqaret qutusunu açıb birini götürdü. Bayaq reels izləyəndə qutunu yarılamışdı, gecə oyunlara baxanda siqaretsiz qala bilərdi. Nə qədər vaxt var, tez gedib siqaret almalı idi. Əynini dəyişib həyətə çıxanda iti görüb karıxdı. Gördüyü mənzərə qarşısında bir neçə saniyə donub qaldı. Ovucları tərləməyə başladı. Sürətli addımlarla evə qayıdıb qapını arxasınca çırpdı.

Hər il məktəbdə yay tətili başlayanda Rasimi kənddə yaşayan babasıgilə aparırdılar. Babası xeyli heyvan saxlayırdı—it, pişik, kirpi, dovşan, toyuq, qaz, ördək, at, inək, qoyun, keçi… Rasim kənd uşaqları ilə dil tapa bilmirdi, babasının heyvanları ilə oynayırdı. Onlar cığallıq etmirdilər… Bütün heyvanlara rol vermişdi. İt qarovulçu olurdu, pişik casus… Bircə quşlara yaxın gedə bilmirdi, Rasimdən qaçırdılar. Onlar həmişə düşmən rollarını oynayırdı.

Bir gün yuxudan duranda aynabənddə nənəsini və dayısı arvadını yun çırpan yerdə gördü. Xısın-xısın söhbət edirdilər. Nənəsi başını bulayıb “günah iş tutdu…” deyirdi. Dayısı arvadı “axı cücələri yeyirdi…” deyəndə nənəsi bir də başını bulayıb “yox, ay qız, günahdı… kişi bu yaşında günah iş tutdu…” dedi. Rasim nənəsinin qucağına hoppanıb boynunu qucaqladı:

— Kim günah iş tutdu, nənə…

— Ay bala, sən nə biləsən günah nədi… Dur əl-üzünü yu, gəl yemək ye…

— Gedim əvvəl dostlarımla salamlaşım… — Rasim nənəsinin qucağından qopub həyətə götürüldü.

— Dayan, gəl əvvəl çörək ye, hələ getmə…

Rasim pilləkənləri iki-iki atlanıb çoxdan həyətə düşmüşdü. Toyuqlar, qazlar, ördəklər həyətdə gəzişirdilər… Pişik yenə talvarın altında uzanıb özünü yalayırdı… Təkcə qarovulçunu tapa bilmirdi. Yuvasına baxmışdı, evin arxasına, tövləyə… Birdən gözü çəpərin yanında bitən ağaca sataşdı. Qarovulçu al qanın içində ağacdan sallanırdı. Məftilin bir ucu boğazına dolanmışdı, o biri ucu ağacın budağına…

…Rasim kəlbətini götürüb həyətə çıxdı. İt zingildəyib məftildən qurtulmağa çalışırdı. Rasim kəlbətinin ağzını itin boynuna dolanmış məftilə dayadı, əlləri əsə-əsə kəlbətini sıxdı…

***

Telefonun zəngli saatı üçüncü dəfə işə düşəndə oyandı. Söndürmək yenə yadından çıxmışdı. Bayırdan dava səsləri gəlirdi. Rasim yatağından qalxıb pəncərədən həyətə baxdı. Qaysı ağacının altında Məlahət xala Cəmilənin yaxasından yapışıb qışqırırdı. Cəmilənin nəvələri ağacın gövdəsinin arxasında gizlənib davaya tamaşa edirdilər. Rasim stulun başından futbol maykası və şortiki götürdü. Mətbəxə keçib çayın altını yandırdı. Siqareti qurtarmışdı ■

***

Məzahir Nəbiyev 2003-cü ildə Goranboy rayonunda anadan olub. 2024-cü ildə Bakı Dövlət Universitetini tarix müəllimliyi ixtisası üzrə bitirib. Hal-hazırda İzmir şəhərində Dokuz Eylül Universitetində Avropa Birliyi araşdırmaları üzrə magistratura təhsili alır.

Discover more from fm/am

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading