Tanınmış sovet ədəbiyyatşünası, yazıçı və tənqidçi, kino nəzəriyyəçisi Viktor Şklovski (1893-1984) rus formalizminin açar fiqurlarından hesab olunur. Onun Birinci Dünya müharibəsi və 1920-ci illərdə formalistlərin çevrəsində işləyib hazırladığı nəzəri və estetik mülahizələr dünya ədəbiyyatşünaslığında öz müstəsna əhəmiyyətini hələ də qoruyub saxlayır.
Şklovskinin nəzəriyyə sahəsində fəaliyyətini yüksək qiymətləndirən Lev Trotski qeyd edirdi ki, incəsənət nəzəriyyəsi və incəsənət məhz onun sayəsində əlkimya kateqoriyasından kimya kateqoriyasına keçib. Lakin Şklovski 1927-ci ildən sonra öz avanqard baxışlarından imtina edərək Stalinin mədəni siyasətini müdafiə edib, İkinci Dünya müharibəsindən sonrakı illərdə isə daha çox kino nəzəriyyəsi ilə məşğul olub.
Sizə təqdim etdiyimiz bu mətn Viktor Şklovskinin 1927-ci ildə dərc olunmuş “Yazı sənəti texnikası” kitabına yazdığı müqəddimədir. Bu mətndə müəllif yazıçı olmaq istəyən gənclərə ümumi xarakterli, amma peşəkar və işgüzar tövsiyələrini verir. Yüz il əvvəl dərc olunmağına baxmayaraq “Yazı sənəti texnikası” bu gün də öz aktuallığını qoruyub saxlayır.
Rus dilindən tərcümə və qeydlər: Əli Novruzov
***
Vaxtından əvvəl peşəkar yazıçı olmayın
Üç min yazıçı
Bizdə indi bir neçə min yazıçı var. Bu da hədsiz çoxdur.
Bugünün yazıçıları 18 yaşından peşəkar yazıçı olmağa can atırlar və yazıçılıqdan qeyri bir sənətin sahibi olmaq istəmirlər. Bu da onlar üçün rahat deyil, çünki ədəbiyyatdan çörək pulu qazana bilmirlər. Onlar Moskvada tanışlarının evlərində qalırlar, ya da Gertsenin evinin pilləkənlərində gecələyirlər. Gertsenin evinin pilləkənlərinə isə bütün namizədlər sığışmır, çünki, dediyim kimi, onların sayı minlərlədir. Əslində, bir o qədər də çıxılmaz vəziyyət sayılmaz, çünki yazıçılar üçün xüsusi kazarmalar tikə bilərik – axı hətta hərbi çağırışçıları yerləşdirmək üçün kifayət qədər yer tapa bilirik. Amma məsələ burasındadır ki, yazıçıların bu kazarmalarda yazmağa mövzusu olmayacaq.
Yaxşı yaza bilmək üçün yazıçılıqdan qeyri bir sənətin sahibi olmaq lazımdır. Sənət sahibi olan peşəkar insanın qələmə aldığı təsvirlər özünəməxsus və maraqlı alınır. Qoqolun hekayəsində dəmirçi Vakula çariça Yekaterinanın sarayına dəmirçi və rəngsaz gözü ilə baxır və Qoqol bu üsulla Yekaterinanın sarayını təsvir edir. Bunin isə Roma forumunu təsvir edərkən ona rus kəndindən gəlmiş insanın baxış bucağından nəzər salır. Əsərdə obrazın sənət sahibi olması zərurəti onu yaradan yazıçının da sənət sahibi olmasını zəruri edir.
Lev Tolstoy xalq kütlələrindən niyə uzaq düşməzdi
Lev Nikolayeviç Tolstoy peşəkar hərbçi-artilleriyaçı və peşəkar mülkədar kimi yazırdı. O, bədii əsərlərini yazarkən öz peşə və sinfi mənafelərinin diqtə etdiyi yolla gedirdi. Əgər həmin dövrdə mülkədarların istehsalat müşavirələri keçirilsəydi, Tolstoyun “Ağa və nökər” hekayəsini bu yığıncaqlarda oxuyub müzakirə etmək olardı, çünki bu hekayəni öz dövrünün təsərrüfat sahibi qələmə alıb.
Tolstoyla Fetin yazışmalarına nəzər salsaq, onun öz kiçik təsərrüfatı ilə maraqlanan xırda mülkədar olduğunu daha aydın sezərik – hərçənd, Tolstoy heç də səriştəli mülkədar sayılmazdı, saxladığı donuzlar tez-tez tələf olurdu. Bununla belə, sahib olduğu malikanə onu öz sənətinin formalarını dəyişməyə məcbur edib. Lev Nikolayeviç 18 yaşında Gertsenin evinə köçsəydi, heç vaxt Tolstoy ola bilməzdi, çünki yazmağa mövzu tapmazdı.
Tolstoy yalnız qırx yaşına çatanda özünü peşəkar yazıçı hiss etməyə başlamışdı. Bu vaxta onun bir neçə cild əsəri çapdan çıxmışdı. O, Fetə məktubunda yazırdı:
Özüm haqqında sizə sürpriz: at məni yerə yıxanda və qolum qırılanda huşum başıma gələn kimi öz-özümə dedim ki, mən yazıçıyam. Mən də yazıçıyam, amma guşənişin və başıaşağı. Bu günlərdə “1805-ci ildə” (“Hərb və sülh”) romanının I cildinin ilk hissəsi çapdan çıxacaq.
Yasnaya Polyana, 23 yanvar 1865
Fetə “yufanlıqdan” (kənd təsərrüfatı işlərindən) əl çəkib ədəbiyyatla peşəkar məşğul olmağı tövsiyə etməyi də Fetin təsərrüfatda uğursuzluqları ilə bağlı idi:
İşlər necə də tərs gətirir. Söhbətlərinizdən həmişə duyurdum ki, təsərrüfat işlərindən ən çox sevdiyiniz və bütün diqqətinizi tələb edən yeganə sahə atçılıq idi, bəla da o tərəfdən gəldi. İndi arabanı təzədən qoşmaq, “yufanlığı” arabanın dişləsindən açıb yan ata bağlamaq lazımdır: sizin fikir və bədiiyyat isə orta atınız kimi çoxdan əldən düşüb. Mən arabamı təzədən qoşmuşam və indi rahat yol gedirəm.
Yasnaya Polyana, 16 may 1860
Peşəkar yazıçı olmazdan əvvəl başqa bilik və bacarıqlara yiyələnmək, sonra onları ədəbi fəaliyyətə gətirməyi bacarmaq lazımdır.
Puşkin peşəkar yazıçıya yaxşı nümunədir; o, yazıçılıqdan əldə etdiyi qazancla dolanırdı, amma irəli getmək üçün ədəbiyyatdan kənara çıxırdı – məsələn, tarixə üz tuturdu.
Yalnız ədəbiyyatla məşğul olmaq hətta növbəli əkin də deyil, torpağı gücdən salmaqdır. Bir ədəbi əsər bilavasitə başqa ədəbi əsərdən törəmir, ona kənardan “ata” lazımdır.
Vaxt azlığı da müsbət amildir, onsuz yeni bədii formalar yaratmaq mümkün olmazdı.
Dikkensin “Pikvik klubunun qeydləri” romanı sifarişlə – “İdmançıların uğursuzluqları” adlı şəkillər seriyası üçün yazılıb, romanın fəsillərinin həcmini isə qəzetdə hissə-hissə dərc olunmaq zərurəti müəyyən edib.
Materialın təzyiqindən yararlanmaq bacarığı Mikelancelonun da işlərində özünü göstərir. O, zədələnmiş mərmər parçaları ilə işləməyi xoşlayırdı, çünki bu zaman heykəllərinə gözlənilməz pozalar verə bilirdi. Davud heykəli də bu cür ərsəyə gəlib.
Həmçinin, teatr texnikası dramaturqa təzyiq göstərir. Şekspir dövrü səhnəsinin quruluşunu bilmədən Şekspirin texnikasını anlamaq mümkün deyil. İlk baxışdan kinoda sanki istənilən hər şeyi çəkmək olar, amma orada da bədiiliyə nail olmaq üçün müəyyən çərçivələrə qısılmaq lazım gəlir.
Yazıçı acından ölməmək üçün yox, yaxşı ədəbi əsərlər ərsəyə gətirmək üçün başqa bir peşəyə sahib olmalıdır. O, öz ikinci peşəsini gözardı etməməlidir, peşəsi üzrə həm də işləməlidir. Dəmirçi və ya həkim və ya astronom olmalıdır. Evə girəndə qaloşlarımızı koridorda çıxarıb qoyuruq, amma ədəbiyyatla məşğul olanda öz peşəmizi unutmalı deyilik.
Bir dəmirçi tanışım öz şeirlərini mənə göstərməyə gətirmişdi. Bu şeirlərində “relslərin çuqunlarını çəkiclə parçalayırdı”. Mən ona irad bildirdim ki, birincisi, relsləri çəkiclə döymürlər, əridib tökürlər; ikincisi, relslər çuqundan yox, poladdan olur; üçüncüsü, dəmirçi zindanında parçalamırlar, döyürlər; nəhayət, dördüncüsü, axı o, dəmirçidir və bunları özü məndən yaxşı bilməlidir. O isə mənə belə cavab verdi: “Axı bu, şeirdir!”
Ona görə də, şair olmaq üçün şeirə öz peşəni gətirməlisən, çünki sənət əsəri əşyalara özünəməxsus yanaşmadan başlayır.
Ədəbi əsər yaradarkən dövrün təzyiqindən yaxamızı qurtarmalı deyilik, əksinə, yelkənli gəminin küləkdən yararlandığı kimi biz də ondan yararlanmağa cəhd etməliyik.
Çağdaş yazıçı ədəbi mühitə nə qədər tez düşməyə çalışacaqsa, öz peşə sahəsindən nə qədər çox uzaqlaşacaqsa, bir o qədər də qaragül qoyunçuluğu ilə məşğul olacaq. Qaragül qoyunçuluğunun qaydası belədir: qoyunu döyürlər və o, qarnındakı balasını salır, sonra isə ölü doğulmuş quzunun dərisini soyurlar.
Peşəkar yazıçı olmaq, Lev Tolstoyun təbiri ilə desək, ədəbiyyatı orta at kimi arabaya qoşmaq yalnız bir neçə illik yazı təcrübəsindən sonra, yəni yazmağı bacardıqda mümkündür və lazımdır. Məsələn, Dikkens əvvəlcə qablaşdırıcı fəhlə, sonra stenoqrafçı, daha sonra jurnalist işləyib, nəhayət, bütün bunlardan sonra belletristə çevrilib. Amma yazıçı olduqdan sonra da bilmək lazımdır ki, nasirin və şairin susduğu dövrlər var. Aleksandr Blokun, Fetin, Qoqolun, Maksim Qorkinin yaradıcılığında belə fasilələr – “ölü mövsümlər” olub. Yazıçı öz həyatını elə qurmalıdır ki, yazmaq alınmayanda yazmamaq imkanı olsun.
Yazıçının mütaliəsi
Yazıçı necə oxumalıdır?
Biz tələsik, diqqətsiz oxuyuruq – necə ki, yeməyi diqqətsiz və tələsik yeyirik.
Diqqətsiz və tələsik yemək sağlamlığa zərərlidir.
Diqqətsiz oxumaq da zərərlidir.
Yaxşı kitabların, yəni mütləq oxunmalı kitabların sayı onsuz da çox deyil, biz isə onları tələm-tələsik oxuyuruq. Sonra bizdə elə bir hiss yaranır ki, sanki onları xətm etmişik. Biz öz mütaliəmizi korlayırıq. Tələsmədən, aramla, heç bir yeri buraxmadan, fasilə verərək oxumaq lazımdır.
Yazıçı olmaq istəyirsinizsə, siz də kitaba saatsazın saata və ya sürücünün maşına baxdığı kimi diqqətlə nəzər salmalısınız.
Maşınlara belə baxırlar: ən axmaq adamlar avtomobilə yaxınlaşıb siqnalı basırlar – bu, axmaqlığın birinci dərəcəsidir. Maşından az-maz başı çıxan, amma öz biliklərinə həddindən artıq arxayın adamlar ona yaxınlaşıb ötürücü qutunun dəstəyini çəkirlər – bu da axmaq və zərərli hərəkətdir, çünki başqa bir işçinin məsuliyyəti altında olan özgə əşyasına toxunmaq olmaz.
Başa düşən adam isə maşına sakitcə nəzər salır və nəyin nə olduğunu anlayır. Maşının niyə çoxlu silindrinin olduğunu, təkərlərinin niyə böyük olduğunu, ötürücü qurğunun necə işlədiyini, arxa hissəsinin niyə sivri, radiatorunun isə cilalanmamış olduğunu başa düşür.
Oxuyanda da belə oxumalıyıq.
İlk öncə, əsərləri hissələrə ayırmağı öyrənməliyik. Əvvəlcə, ən sadə yollarla təbiət təsvirlərini qəhrəmanların xarakteristikasından ayırmaq lazımdır. Sonra qəhrəmanların necə danışdığına fikir verməliyik: bir obraz monoloqla, yəni uzun-uzadı öz-özünə danışır, yoxsa onlar qısa replikalarla söhbət edirlər? Hər hansı bir qəhrəmanın danışığı onun xarakteri ilə necə bağlıdır? Əsərin düyün nöqtəsi (zavyazka) haradadır, öz inkişafı ilə bütün romanı yay kimi hərəkətə gətirəcək hekayə necə başlayır? Düyün dərhal açılırmı? Süjetdə əlavə hekayələr varmı və düyünün açılması (razvyazka) necə qurulub?
Yazıçının öz sərbəstliyini qoruyub saxlaya bilməsi üçün başqalarının əsərləri üzərində bu tədqiqat işi çox vacibdir. Bizdə bəzi gənc yazıçılar təsir altına düşməmək, təqlid etməmək üçün başqa yazıçıları oxumağa qorxurlar. Əlbəttə, bu yanaşma tamamilə yanlışdır, çünki ümumiyyətlə heç bir formaya bələd olmadan yazmaq mümkün deyil.
Ədəbi əsərə başlamağın hər bir üsulu bizdən əvvəlki minlərlə insanın təcrübəsinin nəticəsidir.
Əfsanəyə görə, bir hökmdar ən qədim dilin hansı olduğunu öyrənmək istəyir. O, yeni doğulmuş iki körpəni bütün insanlardan uzaq yerdə təcrid edir, yalnız çoban onlara çörək gətirir. Uşaqlar bir az böyüdükdən sonra çobanı “bekos, bekos” çığırtısı ilə qarşılamağa başlayır. “Bekos” frakiyalıların dilində “çörək” mənası verdiyi üçün ən qədim dilin frakiyalıların dili olduğu qənaətinə gəlirlər. Amma məsələ bundadır ki, körpələrin yanına çoban gəlirdisə, deməli, yaxınlıqda keçi sürüsü var imiş. Bəlkə bu uşaqlar “çörək” çığırmırdılar, keçilərin mələməyini təqlid edirdilər?
Özünü bütün başqa yazıçılardan ayırıb sərbəst şəkildə özü yazmaq istəyən yazıçı keçilərin mələməyini təqlid edir. Əslində, o da təqlid edir, amma ən pis olanı təqlid edir.
Başqa müəllifləri fərqinə varmadan, əsərlərini hissələrə ayırmadan oxuyanda da onları təqlid edəcəksiniz, hətta özünüz də bunu hiss etməyəcəksiniz. Redaksiyalarda zibil qutularına atılan əlyazmalar daha çox başqa yazıçıların ədəbi əsərlərinə bənzəyir.
Velosipedləri kütləvi istehsal edirlər, seriyalarla buraxırlar. Doğrudur, ədəbi əsərləri də çap üsulu ilə çoxaldırlar, amma hər bir ədəbi əsər ayrı-ayrılıqda yeni ixtira — yeni velosiped, yeni tip velosiped olmalıdır. Bu velosipedi ixtira edərkən biz onun təkərləri və sükanının nəyə xidmət etdiyini yaxşı bilməliyik. Başqa yazıçının əsərini aydın qavramaq sizə imkan yaradır ki, öz materialınızı emal edərkən onun metodundan yararlanasınız, daha onun əsərini köçürməyəsiniz – ədəbiyyatda köçürmə “plagiat” adlanır və qadağandır.
Gənc yazıçılar, hətta sonradan böyük sənətkar olanlar da plagiata, yəni başqalarının təsvir formalarını köçürməyə meyllidirlər. Lermontovun yeniyetmə dövrü əsərləri Puşkinin əsərlərindən, xüsusən “Qafqaz əsiri” poemasından plagiatdır.
Əyalətlərdə yaşayan gənc yazıçılar ən məşhur əsərlərin üzərində cüzi dəyişikliklər edərək redaksiyalara göndərirlər. Bu, dələduzluq deyil. Onlar ədəbi əsərləri bütöv şəkildə qavrayırlar və özləri nəsə yazmaq istəyəndə başqalarının əsərlərini təkrar edirlər, sadəcə obrazların ad-soyadlarını dəyişirlər. Ona görə də öz yazıçı orijinallığınızı qoruyub saxlamaq üçün az yox, əksinə, çox oxumaq lazımdır, amma başqalarının əsərlərini hissələrə ayıraraq, onları tədqiq edərək, hər sətrin nə üçün yazıldığını və oxucuya necə təsir göstərməyi nəzərdə tutduğunu anlayaraq oxumaq lazımdır.
Təsvir edilən əşyaların xarakterik cəhətlərini taparaq yazmaq bacarığı haqqında
Yeni yazmağa başlayan yazıçının əşyalara və hadisələrə öz şəxsi münasibətinin olmağı, onları hələ təsvir olunmamış vəziyyətdə görməyi və daha əvvəl təsvir edilməmiş vəziyyətlərə qoya bilməyi çox vacibdir.
Ədəbi əsərlərdə çox vaxt bir əcnəbi və ya sadəlövh insanın şəhərə gəlməyi və çaşqın vəziyyətlərə düşməyindən bəhs edilir. Yazıçı belə sadəlövh insanlardan olmamalıdır, amma o, əşyalara və hadisələrə yeni gözlə baxa bilməlidir.
Əslində, gerçək mənzərə başqadır: adətən insanlar öz ətraflarını görməyi bacarmırlar, yazmağa yeni başlayan orta statistik müasirimiz də qəzetə adicə müxbir məqaləsi yaza bilmir. Müxbir öz yaşadığı kənd haqqında məlumatları qəzetdən öyrənir. O, qəzeti oxuyur, ondan bir şablon kimi istifadə edir, həmin şablonu öz kəndində baş verən hadisələrlə doldurur. Əgər hər hansı hadisə soruşulmursa, o da həmin hadisədən danışmır.
Ağac emalı zavodundan, tikiş fabrikindən, Donbasdan gələn müxbir məktublarını çox vaxt bir-birindən heç nə ilə fərqləndirmək olmur: “zirək olmaq lazımdır, ventilyator quraşdırmağın vaxtı çatıb, dam örtüyü yağışda su axıdır və sair.” Halbuki, bəzən müxbir maraqlı detalları özü də bilmədən ağzından qaçırdır. Müxbir məktublarını nəzərdən keçirərkən Ussuri diyarından göndərilmiş belə bir qeydə rast gəlmişdim:
Pələnglər həmkarlar ittifaqına üzvlük haqlarının toplanmasına imkan vermirlər. Bir dəfə müxbir qarovulxanada bir sutkadan çox gözləməli olub ki, onun arxasınca düşmüş pələng bezərək çıxıb getsin.
Mən demirəm ki, müxbirlər öz məqalələrində lətifə danışsınlar, amma gerçək şəraiti gözardı edib, eyni şablonda eyni şeylərdən də danışmalı deyillər.
Bir çoxları yazmağı qəzetdə necə öyrənib
Bu gün Amerikada belletristin qəzetə yazmağının yaxşı, yoxsa pis olmağı barəsində mübahisə gedir.
Əvvəllər əksər yazıçılar qəzetlərə yazırdılar. Leonid Andreyev uzun illər məhkəmə müxbiri olub. Çexov da qəzetdə məhkəmə müxbiri işləyib. Qorki qəzetə Yehudiil Xalamida imzası ilə yazıb. Dikkens uzun illər qəzetdə işləyib. Yazıçıların bir çoxu qəzetlərə yazıb, mətbəədə metranpaj işləyib, qadın jurnalları ilə əməkdaşlıq edib.
Keçmiş əyyamda jurnalistlər jurnallarda resenziya yazmaqla işə başlayırdılar. Bu, əlbəttə ki, tamamilə yanlışdır, çünki insan özü yazmağı bacarmırsa, başqalarının necə yazdığını qiymətləndirə bilməz. Amma adət belə idi və Qorkinin nəşr etdiyi “Letopis” jurnalında mənə də belə öyrətmişdilər. Yalnız kifayət qədər təcrübə topladıqdan və hadisələri nəql etmək bacarığına yiyələndikdən sonra hekayə yazmağa başlamaq və sonda roman yazmağa qədər gəlib çıxmaq olar – əgər həmin adam roman yazmağı bacarırsa.
Həqiqi ədəbiyyat məktəbi əşyaları və prosesləri təsvir etməyi öyrənməkdən ibarətdir. Məsələn, kəndirdə düyünün necə vurulduğunu şəklin köməyi olmadan, yalnız sözlərlə təsvir etmək çox çətindir. Əşyaları elə dəqiq təsvir etmək lazımdır ki, oxucu onları göz önünə gətirə bilsin və bunu yalnız həmin əşyaların təsvir olunduğu yeganə doğru üsulla təsəvvür etsin.
“Böyük ədəbiyyata” can atmaq lazım deyil, çünki “böyük ədəbiyyat” bizim təmkinlə dayanacağımız və ən vacib yer olduğunu təkid edəcəyimiz nöqtədə meydana çıxacaq.
Təsəvvür edin ki, Budyonnı çar ordusunda xidmət etsəydi, praporşik rütbəsinə qədər yüksələ bilərdi, amma o, başqaları ilə birlikdə inqilabda iştirak etməklə və döyüş taktikasına yeniliklər gətirməklə bu gün bildiyimiz Budyonnı oldu. Çox zaman ədəbiyyatın ilk baxışdan “aşağı” janrlarında çalışan yazıçı özü də böyük əsər yaratdığından xəbərsiz olur.
İntibah dövrünün italyan yazıçısı, “Dekameron” toplusunun müəllifi Bokkaçio bu əsərindən utanırdı, bu haqda hətta yaxın dostu Petrarkaya da məlumat verməmişdi və “Dekameron” onun əsərlərinin siyahısına düşməmişdi. Bokkaçio latın dilində şeirlər yazırdı, hansı ki, bu gün onları heç kim xatırlamır.
Dostoyevski öz romanlarına hörmət bəsləmirdi, başqa əsərlər yazmaq istəyirdi. Romanları onun gözündə qəzet yazıları səviyyəsində idi. Məktublarında yazırdı ki, əgər ona da Turgenevə verdikləri qədər qonorar versəydilər, o da Turgenevdən pis yazmazdı.
Lakin ona Turgenevə verdikləri qədər qonorar vermirdilər və o, daha yaxşı yazırdı.
Böyük ədəbiyyat qalın jurnallarda dərc olunan ədəbiyyat deyil, böyük ədəbiyyat – öz zamanından düzgün istifadə edən, öz dövrünün materialından bəhrələnən ədəbiyyatdır.
Çağdaş yazıçıların vəziyyəti köhnə nəsil yazıçılarının vəziyyətindən daha çətindir, çünki keçmiş dövrün yazıçıları bir-birindən öyrənirdilər. Qorki Korolenkodan öyrənirdi, xüsusilə Çexovdan öyrənirdi, Mopassan Floberdən öyrənirdi.
Qaydaları əzbərləmək yox, öz gözlərinizlə görməyə vərdiş etmək haqqında
Bizim müasirlərimiz öyrənməyə adam tapmırlar, çünki dəzgahları başlı-başına qalmış zavoda düşüblər və bilmirlər ki, hansı dəzgahla yonurlar, hansı ilə deşirlər. Buna görə də onlar çox vaxt öyrənmirlər, ancaq təqlid edirlər və əvvəllər yazılmış bir əsərin eynisini, amma bu dəfə öz mövzularında yazmaq istəyirlər. Bu da yanlışdır, çünki hər bir əsər ancaq bir dəfə yazılır. “Ölü canlar”, “Hərb və sülh”, “Karamazov qardaşları” kimi bütün böyük əsərlər əvvəllər yazıldığı kimi yox, “səhv” yazılıb, yəni keçmiş dövrün yazıçılarının qarşısında duran tələblərdən tamamilə fərqli tələblərə uyğun qələmə alınıb.
Tələblər vaxtaşırı dəyişir, bu tələblərə xidmət edən insanlar da dünyasını dəyişir, amma ədəbi əsərlər qalır. Dantenin öz müasirlərindən giley-güzarını dilə gətirdiyi, onları ittiham etdiyi “İlahi komediya”, yaxud da Dostoyevskinin “Əcinnələr” romanı bu gün onların yazılma səbəbinə maraq göstərməyən insanların oxuduğu ədəbi əsərlərə çevrilib.
Yadda saxlamaq lazımdır ki, ədəbi əsərlər ibtidai canlılar kimi bölünmə yolu ilə, məsələn, bir romandan iki roman çıxarmaqla yox, ali canlılarda olduğu kimi, müxtəlif fərdlərin cütləşməsindən ərsəyə gəlir. Köhnə əsərləri götürüb oradakı adları və hadisələri özününkülərlə əvəz etməyə çalışan xeyli yazıçı var, ya da öz şeirlərində başqa şairlərin bədii tapıntılarından, qafiyələrindən istifadə edən şairlər var. Bundan da heç nə alınmır, çünki bu yol çıxılmaz dalana dirənir.
Ona görə də, yazmağı öyrənmək istəyirsinizsə, ilk növbədə öz peşənizi yaxşı öyrənin. Başqasının peşəsinə usta gözə ilə baxmağı öyrənin və əşyaların necə hazırlandığını dərk edin.
Əşyalara və hadisələrə göstərilən münasibətlərə inanmayın, onların gündəlik təyinatına bel bağlamayın, dəniz haqqında təsəvvürlərinizi başqalarının təsvirləri əsasında formalaşdırmayın. Birinci məsələ budur.
Yazmağı öyrənmək üçün oxumağı öyrənin
İkinci məsələ – müəllifin əsərini tələsmədən, aramla oxumağı öyrənin, nəyin nə üçün yazıldığını, ifadələrin bir-biri ilə necə bağlandığını, ayrı-ayrı hissələrin mətnə hansı məqsədlərlə daxil edildiyini anlamağa çalışın.
Əsərin ixtiyari səhifəsindən hansısa bir hissəni çıxarın. Məsələn, Tolstoyda gənc knyaginya Mari ilə atası qoca knyaz arasındakı səhnədə təkər səsi eşidilir. Həmin təkər yerini mətndən çıxarın, görün nə baş verəcək? Təkəri başqa nə ilə əvəz etmək olar? Bəlkə pəncərədən görünən mənzərəni, məsələn, yağışı təsvir etmək, yaxud koridordan kiminsə keçdiyini qeyd etmək daha yaxşı çıxardı?
Şüurlu oxucu olun. Ədəbiyyatın şüurlu oxucuya böyük ehtiyacı var.
Puşkinin dövründə onun mənsub olduğu zadəgan mühitində az qala hər kəs şeir yaza bilirdi. Demək olar ki, Puşkinin bütün lisey yoldaşları şeir yazırdı və albomlara yaxşı şeir yazmaq uğrunda Puşkinlə rəqabət aparırdı. Həmin dövrdə şeir yazmaq bacarığı bizim dövrdə oxumaq bacarığı kimi bir şey idi. Əlbəttə, onlar peşəkar şair deyildilər, amma Puşkin də yazı texnikasını bilən bu insanların əhatəsində yetişə bilərdi.
Bizə ədəbi əsərləri qiymətləndirməyi bacaran, onların necə qurulduğunu dərk edən şüurlu oxucular lazımdır. Belə oxucuların sayı yüz minlərlə olmalıdır. Yüz minlərlə şüurlu oxucunun arasından əvvəlcə həvəskar yazıçılar ortaya çıxacaq, sonra da bu həvəskarların arasından sakitcə, nəzərə çarpmadan dahi yazıçı yetişəcək.
Buna görə də çağdaş yazıçının dərhal yazmağı öyrənməyi təhlükəlidir. Yarım-yapalaq yazmaq, kiçik hekayələr və məqalələr düzüb-qoşmaq bacarığı pis peşə hazırlığıdır. Hazır şablonlarla işləməyi ağıllı adama öyrətmək üçün bir neçə həftə bəs edir. Mən bir redaksiyada cüzi məvacibi olan mühasibə əlavə qazanc əldə etməyi üçün məqalə yazmağı öyrətmişdim. Təbii ki, o, pis yazırdı, amma bu gün qəzetlərdə yazanların əksəriyyəti bu cür pis yazır.
Ümumiyyətlə, ədəbi işçi qeyri-peşəkar işlərdən, başqa sənətlə məşğul olmaqdan, qəzet müxbirliyindən qaçmamalıdır, çünki istehsalat texnikası hər yerdə eynidir. Əvvəlcə müxbir mətnləri və xronika, sonra məqalə, felyeton, kiçik hekayələr, teatr tamaşalarına resenziyalar, məişət oçerkləri və romanı əvəz edəcək mətnlər yazmağı öyrənmək lazımdır. Gələcəyi nəzərə alıb, özünüzün kəşf edəcəyiniz yeni formalar üçün işləməyi öyrənməlisiniz. İnsanlara sadəcə hazır ədəbi formaları, yəni riyaziyyatın özünü yox, ancaq məsələ həll etməyi öyrətmək isə gələcəyi oğurlamaq və bayağı insanlar yetişdirməkdir ■
Notes
Formalizm və ya rus formalizmi – 1916-1930-cu illərdə Rusiyada və Sovet İttifaqında mövcud olmuş inqilabi ədəbi nəzəriyyə və hərəkat. Qərbdə müasir ədəbiyyatşünaslığın təməllərindən hesab olunur. Formalistlər bədii əsərin ideya-məzmun cəhətindən daha çox onun dilinə və formasına əhəmiyyət verirdilər. ↩
- ↩
Виктор Шкловский. Техника писательского ремесла. Москва-Ленинград: Молодая гвардия, 1927. ↩
Hal-hazırda Maksim Qorki adına Ədəbiyyat İnstitutunun binası. Rus yazıçısı və inqilabçısı Aleksandr Gertsenin (1812-1870) anadan olduğu bu malikanədə 1920-ci illərdə proletar yazıçılarının təşkilatları yerləşirdi. Müxtəlif vaxtlarda Osip Mandelştam və Andrey Platonov kimi tanınmış şair və yazıçılar bu evdə yaşayıb. ↩
Ukrayna əsilli rus yazıçısı Nikolay Qoqolun (1809-1852) “Milad ərəfəsi” hekayəsinin qəhrəmanı. ↩
İvan Bunin (1870-1953) – rus mühacir nasiri və şairi, ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş ilk rus yazıçısı (1933). ↩
Antik Roma şəhərinin mərkəzi meydanı ↩
Afanasi Fet (1820-1892) – XIX əsrin ən böyük rus şairlərindən biri, tərcüməçi, mülkədar. Tolstoydan dəfələrlə uğurlu və səriştəli təsərrüfat sahibi olub. ↩
Tula quberniyasında Yasnaya Polyana malikanəsi – bu gün Tolstoyun ev muzeyi. Yasnaya Polyana gəlirli malikanə deyildi. Malikanəni Lev Nikolayeviçin adından idarə edən həyat yoldaşı Sofiya Tolstaya hər il təsərrüfatın ziyanını onun qonorarları hesabına bağlayırdı. ↩
Yasnaya Polyana kəndlisi Yufanın adından yaranmış bu zarafatyana sözlə Tolstoyun ailəsində kənd təsərrüfatı və əl əməyi ilə aludəçilik səviyyəsində məşğul olmağı nəzərdə tuturdular. Bax: Словарь семьи Толстых. https://arzamas.academy/materials/1350 ↩
Charles Dickens (1812-1870) – ingilis yazıçısı və jurnalisti, ictimai xadim, ingilis ədəbiyyatının klassiki. ↩
Michelangelo (1475-1564) – Renessans dövrünün görkəmli italyan rəssam və heykəltəraşı, Sikstin kapellasının freskalarının müəllifi. Florensiyanın mərkəzi meydanında qoyulmuş Davud heykəli bu gün Florensiya Akademiyasının Qalereyasındadır. ↩
Şklovski burada Herodotun “Tarix” əsərindən (II kitab, 2-ci paraqraf) firon Psammetix haqqında əhvalatı danışır, amma frigiyalılar əvəzinə frakiyalılar yazır. Frigiyalılar və frakiyalılar fərqli tayfalar olub. https://www.vehi.net/istoriya/grecia/gerodot/02.html ↩
Amur pələngi və ya Ussuri pələngi Rusiyanın Uzaq Şərq bölgəsində yaşayan və pələng növünə aid nadir heyvandır. ↩
Keçmişdə mətbəələrdə səhifəbağlayan işçi. ↩
“Летопись” (rusca “Salnamə”) – 1915-1917-ci illərdə Petroqradda (Peterburqda) Qorkinin redaktorluğu ilə dərc olunan jurnal. ↩
Semyon Budyonnı (1883-1973) – sovet hərbçisi, süvari qoşun komandanı, Vətəndaş müharibəsinin qəhrəmanı, sonradan Sovet İttifaqı marşalı (1935). ↩
Vladimir Korolenko (1853-1921) – yazıçı, jurnalist və ictimai xadim. Yeni yazmağa başlayan Maksim Qorkinin ustadı. ↩
“Hərb və sülh” romanında. ↩
Burada albom – yüksək cəmiyyətdə əsasən qadınların tutduğu, şəxsi şeir və rəsm topluları. Gündəliklərdən fərqli olaraq albomlarda başqa şəxslərin mətnləri toplanılırdı. Müsəlman mədəniyyətində bənzəri – cüng və ya səfinə. ↩
1926-cı ildə 10 yaşdan yuxarı sovet vətəndaşlarının cəmi 51%-i yazıb oxumağı bacarırdı. ↩
