On il Norveç qaranlığında

“fm/am” ədəbiyyat bloqu Günel Mövludun yaxın vaxtlarda nəşr olunacaq “Getto: On il Norveç qaranlığında” adlı yeni avtobioqrafik romanından bir hissə təqdim edir.

***

Şəmsiyyə ilə səhər yeməklərini çox vaxt birlikdə yeməyə başladıq. Uşaqları məktəbə, bağçaya aparandan sonra bir-birimizə zəng edir, ya onun, ya da mənim evimdə birlikdə səhər yeməyi yeyirdik. Şəmsiyyənin də evi Məsumənin evi kimi döşənmişdi. Döşəmə boyu xalçalar, zərli pərdələr, mətbəxdəki dolabların başında işlənməyən, böyük məclisləri gözləyən nəhəng qazanlar, ləyənlər, masaların üstündə çoxlu meyvə, çərəz və şirniyyat, evin hər bucağından gələn ədviyyat və üzərlik qoxusu…

Bəzən səhər yeməyimizi mərkəzi parkda, ya da ticarət mərkəzinin yanındakı otluqlarda edirdik. Mən termosda çay dəmləyib aparırdım və zeytun götürürdüm, Şəmsiyyə lavaş və pendir, halal kolbasa və sosis, göyərti, pomidor-xiyar gətirirdi. Bəzən Məsuməyə, ya Zəhraya zəng edirdik, Məsumə qızlarını məktəbə qoyub, bizə qoşulurdu, Zəhra isə uşaqlarını maşına otuzdurub, gəlirdi. Fikir verirdim ki, Məsumə səhər yeməyinə gəlmək üçün bəzən iki kilometr yol yeriməli olsa da, imtina etmirdi,  Zəhra isə uşaqları hazırlayıb gəlməyə ərinmirdi.

Belə səhər yeməklərinin birində Şəmsiyyə dedi ki, bu axşam qonşu şəhərdə yaşayan əfqan qadınlardan biri – Rumiyyə süfrə-salavat məclisi təşkil edəcək. Rumiyyə mənim barəmdə başqa əfqan qadınlardan eşitmiş və məni də məclisə gətirməsi üçün Şəmsiyyəyə təkid etmişdi. Zəhra dedi ki, məni öz maşını ilə aparacaq.

Süfrə-salavatın dini məclis olduğunu nəzərə alaraq hazırlaşdım. Uzun qara don, qara örpək hazırladım. Həyəcanlı idim, çünki bu, getdiyim ilk izdihamlı əfqan məclisi olacaqdı. Müsəlman ənənələrinə nə qədər bələd olsam da, uşaqlıqdan bu yana heç dini məclislərdə iştirak etməmişdim. Nəsə səhv buraxmaqdan, yanlış hərəkət etməkdən qorxurdum. Eyni zamanda, çox məmnun idim, çünki artıq şəxsən tanımadığım qadınlar belə, məni öz məclislərinə dəvət edirlər.

Şəmsiyyədən belə məclislərə dəvət alanların nə aparmalı olduğunu soruşdum. Dedi ki, ehsan olaraq bir az şirniyyat ya meyvə ala bilərəm. Ev sahibi bu ehsanı zikr etməyə gələnlərə paylayacaq. Dükandan alma, banan və üzüm aldım. Bu dəfə uşaqlarımı özümlə götürmədim. Zəhra gəlib məni çağrıldığımız yerə aparacaqdı.

Rumiyyənin evinə ayağımı basanda gülümsədim. Daha sonra qonaq getdiyim bütün evlərə də ayaq basan kimi gülümsəyəcəkdim. Əfqan qadınların evi sanki hamısı bir-birinin eynisi idi. Az qala bütün döşəməni tutan xalçalar, zərli pərdələr, yumşaq mebellər. Biz içəri girəndə, qadınların çoxu artıq yığışmışdı. Salonun ortasındakı yaşıl, dini motivli böyük süfrənin ətrafında təxminən on nəfər qara geyimli, örpəkli qadın əllərində təsbeh topası, zikr edirdilər. İlk dəfə idi ki, təsbehlərin bir deyil, topa şəklində tutulduğunu görürdüm. Ayaqlarının üstünə ədyal sərmişdilər. Bəziləri divarla bellərinin arasına yastıq qoymuşdu. Qadınlar zikr edib bitirdikləri təsbehləri biləklərinə dolayır, növbəti təsbehi ayırıb, dənələrini ehiyatla çevirərək, zikr pıçıldayırdılar.

Biz içəri girəndə hamısı zikrlərinə ara verib ayağa qalxdılar. Hamı öpüşüb görüşdü. Məni tanımadıqları halda, qucaqlayan, öpən də oldu. Rumiyyə bu gün Azərbaycandan bir yazıçının qonaq gələcəyini xəbər vermişdi. Ona görə də, kim olduğumu soruşmadılar. Aralarında gülərüz, gözlərindən şəfqət yağan yaşlı bir qadın vardı. Məni qucaqlayıb, öpəndə türkcə soruşdu:

– Kızım, türk müsün…

– Türküm, ya siz…

– Yok, ben Türkiye’de yaşadım. Az biliyorum türkçe… Türkiye güzel, güzel…

Qadınlardan biri güldü:

– Xaləcan, türki bələdid…

Rumiyyəyə o dəqiqə qanım qaynadı. Başqa qızlar ona “xala” deyə müraciət etsələr də, Rumiyyə məndən cəmi iki yaş böyük idi. Amma olduqca uzun ətəklər, tünd rəngli paltarlar geyinir, yaylıq bağlayırdı. Həyat yoldaşı dünyasını dəyişəndən sonra üç övladı ilə Norveçdə tək qalmışdı. İndi uşaqlarının hamısı böyümüş, orta məktəbi bitirmiş, hərəsi özünə bir peşə seçmişdi. Qızları da, oğlu da onunla birlikdə yaşayırdı. İndi oğlu evdə yox idi, evlərinə qadın qonaq gələn bütün əfqan kişilər kimi harasa çıxıb getmişdi. İki qızı isə diqqət və ehtiramla süfrəyə qulluq edirdilər.

Şəmsiyyə və Zəhra kimi, mən də yaşıl örtüyə yaxınlaşıb, diz çökdüm və üç dəfə örtüyü öpüb alnımı dayadım. Smart televizordan otağa yayılan həzin, ürək dağlayan ilahilərin sədaları altında o örtüyü öpüb alnımı dayadığım vaхt qəlbimdən, beynimdən keçənlər barədə çox şey yaza bilərdim. Amma məhz bu yerdə özümə icazə verdim ki, geniş oxucu auditoriyası üçün deyil, məni yaxından tanıyan insanları düşünərək davranım. Özümə dedim ki, qoy bu yerdə dostlarım, məni şəxsən və yaxından tanıyan insanlar həmin anlarda nə düşündüyümü və nə hiss etdiyimi təsəvvür etsinlər. Bu təsəvvür etmək imkanını onların əlindən almayım. Bu sətirləri oxuyub mənə bəlli sualları vermək istəyən insanlarla bir gün üz-üzə gəlsəm, o suallara olduqca səmimi cavab verməyə hazıram.

Qadınların yanında özümə yer edib oturdum. Onlar kimi, ayaqlarımın üstünə ədyal çəkdim. Bir topa təsbehi əlimə aldım. Rumiyyənin qızlarından biri ağır, büllur stəkanlarda çay gətirib, qabağımıza qoydu. Şəmsiyyə və Zəhra təsbehlərdən birini ayırıb zikrə başladılar. Ayinin bundan sonra necə davam etməli olduğunu bilməsəm də, özümü itirmədim. Kəndin mollalığını edən, Məhərrəm, Aşura mərasimlərini evində, həyətində təşkil edən, mərsiyə axşamları keçirən babamın evində böyüməyim indi karıma gəlirdi. Təsbehlərdən birini ayırıb babamsayağı istixarə eləməyə başladım…

Onsuz da hamı pıçıltı ilə zikr edirdi deyə, mənim təsbeh çevirərkən fərqli sözlər dediyimin fərqinə varmırdılar.

Evin içində səslənən ilahi sədaları, qadınların pıçıltılı zikrləri, salonla mətbəx arasında vurnuxan gənc qızlar yenə də mənə uşaqlığımı xatırladırdı. Özümü molla babamın evində, onun Aşura məclislərində hiss edirdim. Yenə uşaqlığıma qayıdır, qayıtdıqca kədərlənirdim. Belə məclislərdə süfrəyə qulluq edən gənc bibilərim, babama tez-tez çay gətirən anam və əmidostum, aradabir babam dincəlsin deyə, mərsiyə oxumaqda onu əvəz edən nənəm, ortalıqda vurnuxan əmi və bibi uşaqlarım yadıma düşürdü. İndi hərəsi dünyanın bir tərəfində yaşayan, qaçqınlıqdan sonra pərən-pərən düşmüş ailəmi bir də nə zamansa hamısını bir yerdə, bir evdə heç vaxt görə bilməyəcəyimi anladıqca gözlərim dolur, hönkürtümü güclə boğurdum. Əfqan qadınlar gözlərimdən gilələnib yanağıma süzülən yaşları gördükcə, məmnuncasına başlarını tərpədir, yəqin ki, qəlbimdəki imanın gücünə inanırdılar.

Rumiyyə tez-tez yanıma gəlib rahat oturub-oturmadığımı, nəsə istəyib-istəmədiyimi soruşur, başqa qonaqlarla da maraqlanır, sonra mətbəxə keçib axşam yeməyi hazırlamağa davam edirdi.

O axşam Rumiyyənin ehsan süfrəsində əfqan plovu, acılı sousda toyuq və qoyun əti, bir də dadı aylarla damağımdan getməyən aş-riştə yedik. Aş-riştə bizim əriştəyə çox oxşayırdı, amma qatı həlimli toyuq bulyonunda bişirilmiş və üstünə qovrulub-qurudulmuş soğan tökülmüşdü. Yanında ayrıca boşqabda sarımsaq-qatıq və nanə qurusu gətirmişdilər. Süfrə, qablar, stəkanlar, çəngəl-bıçaq hamısı təmiz və təzə idi. Hiss olunurdu ki, ev sahibəsi bu axşama, qonaqlara çox əhəmiyyət verir. Sonra biləcəkdim ki, Məhərrəm ayında süfrə-salavat məclisi qurmaq əfqan qadınları üçün vacibdir və belə məclislərə necə hazırlaşmağı, süfrəsi,evinin səliqəsi, abadlığını nümayiş etdirmək üçün bir vasitədir.

Türkcə bilən xala nə qoyun, nə də toyuq əti yemədi. Qabına ancaq düyü və salat çəkdi. Mən türkcə niyə belə elədiyini soruşdum. Şəfqətli gözlərinə bir təəssüf çökdü:

– Kuzum, helal değil. Helal kesilmemiş… Ben yemek olmaz…

Yeməkdən sonra Şəmsiyyə dedi ki, Rumiyyə bizim bir az qalmağımızı istəyir. Hamı gedəndən sonra bir az çay içib, söhbət edək. Məmnuniyyətlə razı oldum. Qadınlar yavaş-yavaş dağılışmağa başladılar. Hamısı getməmişdən əvvəl bir daha bir-birinə sarıldı. Demək olar ki, hər biri mənimlə sağollaşanda evinə dəvət elədi, onlara da gəlməyimi çox istədiklərini bildirdilər. Hamısına gələcəyimi söz verdim.

Rumiyyə qızlarına mətbəxdəki işləri həll etməyi tapşırıb yanımıza gəldi. Yer süfrəsindən qalxıb, divan-kreslolarda oturduq. Qızları balaca masaların üstünə meyvə, çərəz, şirniyyat düzdülər. Yenə büllur stəkanlarda gözəl dəmli çay gətirdilər. Çaya zəfəran qatmışdılar, çox xoşuma gəldi.

Zəhra uşaqlarını o biri otaqda yatırıb yanımıza gəldi. Rumiyyənin mənimlə bağlı suallarına Şəmsiyyə ilə Zəhra daha çox və həvəslə cavab verirdi, yazıçı olduğumu durmadan təkrar edirdilər. Hiss edirdim ki, dostlaşdığımız üçün hər ikisi qürurlanırlar.

Rumiyyə əməlli-başlı yorulmuşdu. Qəfildən sanki nəsə yadına düşdü. Yaylığını açdı və üst köynəyini çıxarıb, nazik qısaqol köynəkdə qaldı. Saçlarındakı sancaqları çıxardı. Dərindən nəfəs aldı. Yorğunluğunu yavaş-yavaş çıxarmağa başlayır və sanki dəqiqəbədəqiqə cavanlaşırdı. Onun gözəl, hamar üz dərisi, ala gözləri və uzunsov sifəti vardı. Cavan qadın idi, amma hiss olunurdu ki, özünü yaşından xeyli qoca hiss edir ■

Notes

  1. “Xala can, türk dilini bilirsiz” (dəri dilində) ↩