“Old Velvet”

Koridorun başından yavaş-yavaş yaxınlaşan addım səsləri qapı açılan kimi orta yaşlı, ağ xalatlı, kök qadına çevrildi:

– Oyanmısan? Nə yaxşı. Əynini dəyiş, get Rafiq həkimin yanına. Bu gün çıxırsan, – deyib palataya ötəri göz gəzdirdi, – Amma əvvəl Sevda həkimin otağına dəyərsən, sənə kağız verəcək, onu apararsan Rafiq həkimə.

Qapı örtüldü. Orta yaşlı, ağ xalatlı, kök qadın yenə addım səslərinə çevrilərək koridorun sonuna doğru səngiməyə başladı.

Orxan yatağından qalxdı. Saçları azca uzanmışdı, həm də yanlardan ağarmışdı. Saqqalını qırxsa da, yaşından böyük görünürdü. İndi arıq və çəlimsiz idi, amma narkotik onun yaraşığını əlindən ala bilməmişdi. Əlləri əsdiyi üçün köynəyi düymələmək bir az vaxtını aldı. Evə buraxıldığına görə həvəsli deyildi. Nə də özünü sağlam hiss etmirdi. Reabilitasiyada keçən üç ay beynini susdurmuşdu, beyni daha onunla danışmırdı.

Təbii ot çəkməyə universitetin birinci kursunda başlamışdı. Dostları çəkəndə o da qoşulurdu. Vərdiş etməmişdi, kimsə soruşanda “mən ayda-ildə bir dəfə çəkirəm” deyirdi. Sonra “içki başağrısı verir, dilim-ağzım quruyur, əziyyət çəkincə, iki tüstü vururam, canım qurtarır” mərhələsinə çatdı. Üçüncü kursda cibində “Naftizin” gəzdirirdi. Çəkəndən sonra gözlərinə iki damcı tökürdü. Günlərin birində, kəsirlərini hesablayıb beşinci kursa qalacağını başa düşəndə ota qane olmayıb patını yoxladı. Orxan patı ilə dostlaşdıqca, dostları da bunun “kişi kayfı” olmadığını deyib ondan uzaqlaşırdı. Təkcə Sevil onu atmadı. 

Orxan hələ ot çəkən vaxtlarında Sevillə tanış olmuşdu. Sevil o qədər də gözəl deyildi, amma anlayışı və dinləmə qabiliyyəti, Orxanı olduğu kimi qəbul etməyi onları bir-birinə möhkəm bağlamışdı. Əvvəllər Orxan çəkəndə Sevil eyni dalğanı tutmaq üçün arada ona qoşulardı. Sonra Sevil də Orxanla birgə patıya keçdi.

Onların ikinci asılılığı animelər idi. Bir yerdə baxmadıqları anime qalmamışdı. Malı Elmlərdən götürürdülər. Elmlərdə çəkib Qış parkı ilə mərkəzdəki “Old Velvet” kafesinə düşürdülər. Bir küncdə oturub bəzən Orxanın, bəzən də Sevilin kompüterində animeyə baxırdılar. 

Onların “Old Velvet” sevgisi təsadüfi deyildi. Bura gələn digər gənclər kimi onlar da milli mentalitetə qarşıydılar, heyvan haqları tələb edirdilər. Orxan sırğa taxıb, saçlarını sarıya, Sevil maviyə boyamışdı. Sevilin Mia adlı pişiyi var idi. Antinatalist olduqlarına görə Mianı övlad əvəzi görürdülər. Yalnız xarici musiqiləri dinləyirdilər. Hər ikisi biləklərinə eyni tatu döydürmüşdü. Həm Orxanın, həm Sevilin sağ biləklərində “We Are the People” mahnısından əyri şriftlərlə balaca ölçüdə eyni sətirlər yazılmışdı:

I know everything about you…
You know everything about me…
We know everything about us…

Həftənin bəzi günlərində görüşüb çakra məşqi edirdilər. Sevil boğaz çakrasının açıq olduğuna inanırdı. Deyəsən, boğaz çakrası açıq olduğuna görə Orxanla münasibətlərini bir gün xalası qızına danışmışdı. Xalası qızı evə gedən kimi anasına, anası da dərhal öz bacısına… Hər şeyin üstü açılmışdı, iki ailə bir-birinə dəymişdi. Mərkəzdə rəfiqələri ilə kirayə qalan Sevili atası Bakıdan xeyli uzaq olan qəsəbədəki evlərinə aparmışdı, Orxanı isə ailəsi “Özünü Yarat” reabilitasiya mərkəzinə yatırmışdı.

Orxan ilk günlər, hətta ilk həftələr evə zəng edib nə qədər “Məni buradan çıxarın, mən asılı deyiləm, iş tapmalıyam, sizə kömək etməliyəm” desə də, xeyri olmurdu. Həkimlərə danışdığı primitiv yalanlar da bir işə yaramırdı, onu evə buraxmağa tələsmirdilər.

Reabilitasiya mərkəzində hər asılı özünə bir məşğuliyyət tapmışdı. Hamı başını bir işlə qatıb azadlığa çıxacağı günü gözləyirdi. Bəziləri şahmat, bəziləri domino oynayırdı, bəziləri də kubik-rubik yığırdı. Orxan Sevillə danışa bilmədiyi üçün dəftər alıb ona uzun məktublar yazırdı. 

Tərslikdən, dəftər bir gün Rafiq həkimin əlinə keçmişdi. Rafiq həkim dəftəri ixtiyari yerdən açıb oxuyanda mərkəzin psixoloqu haqqında xoşagəlməz sözlərə rast gəlmişdi. “Boynu qaz boynuna oxşayan” Sevda həkim guya Orxana deyirmiş ki, o, Sevili əslində sevmir. Sevil pis vərdişlərinə görə Orxanı qınamadığı üçün o da Sevilə bağlılıq duyur. Növbəti cümlə Rafiq həkimi lap özündən çıxarmışdı. “Məncə, Sevda həkim hələ də bakirədir,” – Orxan yazırdı, – “heç vaxt sevişməyib.” Həmin gündən Orxana yazmağı qadağan etmişdilər, palatanı başdan-başa axtarıb bütün qələmləri, kağızları götürmüşdülər.

***

Rafiq həkimin kabinetinin qapısı açıq idi. Döşəməni təzə silmişdilər, pəncərələri də açmışdılar ki, yer tez qurusun. Rafiq həkim altı il narkomaniyadan əziyyət çəkmişdi, iradə gücünə tərgidə bilmişdi. Sonra öz metodları əsasında məşhur “12 addım” proqramını hazırlayıb “Özünü Yarat” reabilitasiya mərkəzini qurmuşdu, narkomaniyadan əziyyət çəkənlərə insaflı ödəniş qarşılığında yardım göstərirdi.

Orxan qapının ağzında dayanıb yaş döşəməyə baxırdı, əlindəki kağızı burub sol qolunu qaşıyırdı. Rafiq həkim xışıltı eşidib başını qaldırdı:

– Orxan? Keç içəri.

– Necə?

– Yəni keç otur, işimiz-gücümüz var. Oyun oynamırıq ki? – deyib eynəyini düzəltdi, – Gətir o kağızı, baxım.

Orxan ayağını sürüyə-sürüyə içəri keçdi, kağızı Rafiq həkimin masasına qoydu, stulu çəkib oturdu. Rafiq həkim onun əllərinə, gözlərinə, oturuşuna baxıb soruşdu:

– Hə, necədi vəziyyətin?

– Yaxşı…

– Ağrın var?

– Bir az…

Rafiq həkim kağızı götürüb oxumağa başladı. Qaşlarını düyünləmişdi. 

– Göstəricilərin yaxşıdı, – Rafiq həkim kağızı masanın üstünə qoydu, – Təmizsən desək, yanılmarıq. Sevda həkim deyir ki, səndə müsbətə doğru dəyişiklik var. Xülasə, təmizsən, yaxşısan, sağalmısan. Bu gün səni buraxa bilərik, amma… Orxan, istəyirəm səninlə kişi kimi söhbət edək. 

Orxan şəhadət barmağı ilə velvet şalvarına xətlər çəkirdi, sonra onları əks hərəkətlərlə silirdi.

– Orxan, qulaq asırsan mənə?

Orxan başını qaldırıb Rafiq həkimə baxdı:

– Təmizəm, sağalmışam, amma kişi kimi söhbətdən sonra lap sağalacam.

Rafiq həkim gülümsədi, amma sifəti tez də ciddiləşdi:

– Sənin üçün hər gün, hər an, hər situasiya təhlükədi. Narkomaniyadan canını  qurtaran adamlar həyatını ip üstündə yaşayır. Diqqətin bir balaca dağıldı, yenə üzüqoylu tirtap dəyəcəksən yerə, ondan sonra getdin. Bu boyda əziyyətin də hədər oldu. Bilirsən buradan çıxan nə qədər adam təzədən özünü yandırır? Burada Vidadi var idi ha, bərdəli… Əməlli-başlı düzəlmişdi. Yadına düşdü də kimi deyirəm?

Orxan yalandan başı ilə təsdiqlədi. Vidadi yadına gəlmirdi.

– Çıxdı, fikirləşdi ki, sağalıb, indi özünü açıb buraxa bilər, bir dəfə də o qələti elədi, bütün əziyyəti heç oldu. Sən çıxacaqsan, sənin palatana indi də o gələcək. Gül kimi oğlansan, özü də 21 yaşında, həyatın da qabaqda. Get bir az dincəl, sonra rahat iş tap, stressiz, başın qarışsın. Pul yığ, evlən, atan-anan yazıqdı axı… Bilirsən nə qədər pul töküblər bura? Günləri-güzəranları yoxdu. Onlar da nəvə oynatsın.

Rafiq həkim susdu. Sanki bir az da danışmaq istəyirdi, daha nə deyəcəyini götür-qoy edirdi. Amma heç nə demədi. İki A4 vərəqi götürüb printerə yerləşdirə-yerləşdirə Orxandan soruşdu:

– Nə demək istədiyimi başa düşürsən?

– Başa düşürəm… Narahat olmayın…

– Mən narahat olmalı deyiləm, sən narahat olmalısan. Nəysə, get yır-yığış elə, bir azdan Səbinə gətirib sənədlərini sənə verəcək. Hə, atana deyərsən ki, bu ayın ödənişi qalıb. Sən yadına sal, amma tələsməsin, imkanı olanda. Gözləyə bilərəm.

Printer işə düşdü. 

– Gedə bilərəm? – Orxan soruşdu.

– Nə bilim, dur, yoxla, bax gör gedə bilirsən?

Rafiq həkimin gülməyi bir-iki saniyə çəkmədi, uğursuz zarafatından utanıb başını aşağı saldı, qabağındakı vərəqlərlə oynamağa başladı.

***

Orxan binadan çıxıb yolu keçdi, üzbəüz parka girib skamyada oturdu. Atası onu buradan götürəcəkdi. Parkdakı uşaqların səs-küyü, yelləncəklərin cırıltısı, havanın tutqunluğu Orxanın əhvalını korlayırdı. Gödəkcəsini soyundu. Soyuq ona yaxşı təsir edirdi.

Atası parka çatanda Orxanı bərk-bərk qucaqlayıb təbrik elədi. Çantaları götürüb maşına getdilər. Söhbət alınmırdı, yol boyu hər ikisi susurdu. Orxan başını yan şüşəyə söykəyib həyatın tərsinə axmağını izləyirdi. Atatürk prospektində tıxaca düşüb dayandılar. Atası yola baxıb dedi:

– Sənin otağını təmir elədik axı…

– Lazım idi?

– Lazım idi… Rafiq həkim tapşırmışdı. Oboyların rənginə, mebelin fasonuna kimi özü seçib. Vallah, mən belə həkim görməmişəm. Sənə də bir dənə velosiped hədiyyə göndərib.

Orxan gözlərini yoldan çəkib təəccüblə atasına baxdı:

– Velosiped? Niyə götürdüz?

– Dala qaytaraq? Hədiyyə göndərib də…

Orxan baxışlarını yenə yola zilləyib dişinin arasından “çox sağ olsun” dedi.

– Allah razı olsun, çox insan adam imiş. Müalicəyə yarı qiymət aldı bizdən… Başımıza bu iş də gəldi… Daha əvvəlki uşaq deyilsən. Nə günlərdən keçdik, bir biz bilirik, bir də qurban olduğum.. Əsas düzəlmisən, çalış bir də… – atası sözünün dalını gətirə bilmədi, – Bundan sonra ağılla-başla ancaq…

Maşınlar hərəkətə gəldi. Orxan atasının əynindəki köynəyə baxdı. Üç il əvvəl ad gününə hədiyyə almışdı. Baxışlarını qaçırıb təzədən bayıra zillədi. Həyat tərsinə axmağa davam edirdi.

***

Otağı yaxşı təmir olunmuşdu. Mebeli də tamam dəyişmişdilər. Orxanın öz xoşuna gəldi. Təkcə təzə təmirin qoxusu hələ çəkilməmişdi. Otağın havasını dəyişmək üçün pəncərəni açdı. Beş-on dəqiqəyə yerləşib duşa girdi. Duşdan sonra birdən hiss elədi ki, möhkəm acıyıb. Anası yarpaq dolması bişirmişdi. Onun üçün iri boşqab çəkdi. Yanına yumşaq təndir çörəyi, təzə qatıq, pomidor-xiyar salatı, qış üçün bağladıqlarından badımcan turşusu və kompot qoydu. Orxan iştahla yeyib eyvana çıxdı. Yadına düşdü ki, reabilitasiya mərkəzində siqareti də tərgidib… Rafiq həkimin göndərdiyi velosipedi onda gördü. Sürməyi bacarsaydı, düşüb həyətdə bir az fırlanardı, amma əvvəlcə sürməyi öyrənməli idi…

Gecəyə kimi otağında var-gəl etdi, gecəni də yata bilmirdi. Animeyə baxa bilərdi, amma Sevilsiz baxmaq alınmırdı. Başını qatmaq üçün ən sevdiyi “Döyüşçü klubu” kitabını götürdü, amma bu kitabı da Sevil ona hədiyyə vermişdi. Sevilə zəng etmək, səsini eşitmək istəyirdi. Görəsən Sevil indi nə edir? Onu xatırlayır? Eyvana çıxdı. Uzaqdakı binaların işıqları yerə səpələnmiş ulduzlara bənzəyirdi. Səhər açılana kimi eyvanda oturduqdan sonra otağına qayıtdı. Nə axtardığını bilməsə də, yastığın və yatağın altını, dolabı qarışdırmağa başladı. Bir xeyli eşələnib yatağına uzandı. Gözünü yumdu, Sevili düşünə-düşünə yuxu onu apardı.

Oyananda günortadan keçmişdi. Atası işə getmişdi, anası onun oyanmağını gözləyirdi. Orxan üçün soyuducudan yağ, motal pendiri, kolbasa, balaca pomidorlar, portağal şirəsi çıxardı. Sosiska və yumurta qaynatmışdı. Təndir çörəyi yenə yumşaq və təzə idi. Orxan iştahla yeyib eyvana çıxdı. Qonşu mənzilin eyvanında Akif dayı siqaret çəkirdi. Salamlaşdılar. Orxanın ürəyi siqaret istədi… Təzədən otağına qayıtdı. Yerinə uzanıb özünə yeni Instagram hesabı açdı. Rafiq həkim Orxana bütün sosial media hesablarını sildirmişdi. Profil şəkli üçün ard-arda selfilər çəkdi, üçüncü cəhddən bəyənib hesabına yerləşdirdi. Bio yerinə… “We know everything about us” yazdı. Sonra da Sevilin profilini axtarıb tapdı.

Sevil yeni “story” paylaşmışdı. Orxan ona baxmamaq üçün əlləşib vuruşurdu. Reabilitasiya mərkəzində öyrəndiyi bütün metodları yoxlayırdı, alınmırdı. Beyni onunla ikinci adam kimi söhbət edir, hər cür manipulyasiyaya əl atır, Orxanı təhrik edirdi. Axırda yolunu tapdı. Bir neçə adamın da Instagram profilini izləməyə aldı. “Stories” bölməsində Sevildən sonrakı istifadəçinin “story”-sinə daxil oldu, yavaşca sola sürüşdürərək Sevilin paylaşdığını görməyə çalışdı. Sola sürüşdürdükcə, Sevilin yanağı görünürdü, göründükcə də Orxan həyəcanlanırdı. Əli əsdiyi üçün vaxtında dayana bilmədi… və Sevillə üzbəüz qaldılar. Orxan Sevilə, Sevil də Orxana baxırdı. Sevil Instagram-a girəndə Orxanı görəcəkdi.

Orxan telefonu söndürüb, otağına keçdi. Otağını bir xeyli axtardı. Sonra velosipedi götürüb həyətə düşdü. Minməyə ürək eləmirdi, eşitmişdi ki, təcrübəsiz adam birinci dəfə velosipedə minəndə yıxılır, dizləri, qolları yerə sürtülüb qanayır… Avtomobillər, avtobuslar, velosipedlər, skuterlər və piyadalar sağa-sola ötüşür, harasa tələsirdilər. Orxan bezib hava qaralmamış evə qayıtdı. Telefonu yandırıb atası ilə danışdı, hər şeyin qaydasında olduğunu, özünü yaxşı hiss etdiyini dedi. Sonra tərəddüdlə interneti açdı. Telefon internetə qoşulan kimi Sevilin mesajı göründü.

miamustafazadehhh: Orxan sensen cıxmısan? Necesen? Niye xeber elemirsen? Gören kimi yazzzzz.

Orxan görən kimi yazmadı. Beş-on cavab mesajı düşünsə də, heç biri ağlına batmadı. Həyəcanlı idi. Qolları qaşınırdı, əlləri əsirdi. Nəhayət, dayana bilməyib yazdı.

orhanizm999: Salam, Sevil, yaxşıyam. Yaxşı olasan. Çıxmışam. Şəhərdə olanda xəbərləşək, ayaqüstü söhbətləşək.

miamustafazadehhh: Gunorta 2de isden cixiram. Old velvete gedecem sen de gelersen. Mia da darixib senincun.

orhanizm999: Yaxşı.

Orxan Sevilin profilinə girib şəkillərinə baxdı. Mia ilə paylaşdığı son şəkillərdə arıq düşmüşdü. Telefonu yatağına atıb güzgünün qabağına keçdi. Sonra dolabdan köhnə paltarlarını çıxarıb tökdü, sabahkı görüş üçün ən sevdiklərini seçib ayırdı.  Soyunub yerinə uzandı. Xəyalında artıq “Old Velvet”ə getmişdi, Sevillə həmişəki yerlərində oturmuşdular. Sevilə necə darıxdığını, necə çətin olduğunu deyirdi. O da Orxanı sevdiyini deyib, əlindən tuturdu. Sonra öpüşürdülər. Sevili düşünə-düşünə Orxanı yuxu apardı. 

***

Yuxudan oyananda atası işə gedirdi. Yenə də Orxanın üç il əvvəl ad gününə aldığı köynəyi geymişdi. Orxan duşdan çıxanda gördü ki, anası ona quymaq bişirib, boşqaba çəkib üstünə şəkər tozu səpir. Sonra da şit yağdan bir parça kəsib quymağın üstünə atır.

Orxan günortaya kimi yenə otağında var-gəl elədi. Dözməyib saat 12-də evdən çıxdı. Sevillə qulaq asdıqları xarici mahnılar qulaqlığından süzülürdü, Orxan da vaxt öldürmək üçün şəhərdə gəzişirdi. Düz saat 2-də görüş yerinə gəlib çatdı. Sevil gecikirdi. Orxan əsəbiləşir, amma yazıb xatırlatmaq da istəmirdi. 

miamustafazadehhh: Harda qaldin? Gelmirsense de isimi bilim!!!

Orxan başını telefondan qaldıranda Elmlər Akademiyasının binasını gördü. Bədənini soyuq tər basdı. Qaça-qaça metroya girib qatarın gəlməyini gözlədi. 

***

Küncdəki masanın arxasından qısa, pinti saçlı, gözlərinin altı qaralmış, çəlimsiz qız ayağa qalxıb Orxanı qucaqladı:

– Elə bildim gəlməyəcəksən…

– Necəsən?

– Gördüyün kimi…

Orxan əyləşəndə Mia masanın altından onun qucağına tullandı.

– Sən filtrsiz “Xırdalan” içirdin də? – Sevil soruşdu.

– Yox, içmirəm… Yaxşı təsir eləmir.

Orxan Sevillə göz-gözə gəlməmək üçün Mianın belini sığallayırdı. Sevil pivəsindən bir qurtum içib dedi:

– Çıxmağına sevindim. Necə keçdi? Özünü necə hiss edirsən?

– Əvvəl çətin olur, sonra öyrəşirsən. 

– Mən bəs necəyəm, çox dəyişmişəm? – Sevil kinayəli gülüşlə pivəsini qaldırdı, amma içmədi, gözlədi ki, Orxan cavab versin. 

Orxan Sevilin dəyişdiyinə inanmaq istəyirdi, amma onun əllərinə, üzünə, gözlərinə, dodaqlarına baxanda dəyişiklik hiss etmirdi…

– Bir az…

– Hə, kilo atmışam, – Sevil siqaret yandırdı, – Çəkmirsən?

– Yox…

– Səndən sözü kəlbətinlə çıxardırameee…

– Hələ də istifadə edirsən?

Sevil sanki bu sualı gözləyirdi. İş müsahibəsinə hazırlaşmış namizəd kimi birnəfəsə dedi:

– Tutunmağa başqa nə qalıb? Məni başa düşən ancaq sən idin, səni də bir anda itirdim. Bu aralar çox gərginəm. Emosional olmuşam. Özümü pis hiss edəndə çəkirəm, asılı deyiləm. İstəsəm, bu gündən ataram, yadıma da düşməz. 

Sevil pivə bokalını qaldırıb ofisianta işarə elədi, sonra Orxana baxdı:

– Bilirsən sənsiz necə çətin idi?

– Bəs evdəkilər görmür?

– Evdən çıxmışam. Şəhərdə qızlarla qalıram. Gecədən günortaya kimi barista işləyirəm. Eşşək kimi yoruluram. Ona görə arada istifadə edirəm. Çantamda həmişə olur, – Sevil əli ilə çantasına iki dəfə vurub gülümsədi.

– Nədir o? Nə istifadə edirsən?

– Təkcə ot. Qalan hər şeyə tövbə eləmişəm. Onsuz da sən itəndən sonra yaxşısını tapa bilmirdim. Sənin tapdıqların kimi olmurdular, – Sevil Orxana baxıb gülümsədi.

– Hmm… Səninçün deyirəm. Onsuz mən bu hissləri idarə etməyi öyrənmişəm… Lap indi çəksəm də… məsələn deyirəm… indi çəksəm də, bir də çəkməyə bilərəm. 

Sevil barmağı ilə Orxanın yanağında üçbucaq cızıb dedi:

– Sənin üçün çox darıxmışam…

– Animeyə baxaq?

– Baxaq…

Sevil çantasını açıb notbuku çıxartdı. Ardınca da çantadan ikinci siqaret paçkasını götürdü. Orxan söhbətin hara getdiyini görürdü, amma özünü bilməməzliyə vururdu. Sevili heç vaxt indiki qədər arzulamamışdı. İndi onunla animeyə baxmaq və öpüşmək üçün nəyə desən hazır idi. Lap ot da çəksə… Düşünürdü ki, bir dəfə atıbsa, bir də atar. Axı indi iradə sahibidir…

– Gəl çıxaq arxa həyətə, – Sevil ayağa qalxdı.

– Ha…hara?

– Narahat olma, ofisiantı tanıyıram.

– Yox, sən get, gəl.

– Necə məsləhətdi.

***

Sevil həyətə çıxıb qapını örtmək istəyəndə gördü ki, Orxan arxasınca gəlir. Pəncərənin kənarında oturdular. Sevil siqaretin ucunu isladıb burdu, sonra Orxana uzatdı:

– Həmişəki kimi?

– Mən hələ istəmirəm, sən başla.

– Doğrudan istəmirsən?

– İndi ancaq səni istəyirəm, – Orxanın gözü Sevildə idi, – Orada öyrəndiyim bir şey oldu… Narkotiklə sevgi adamda eyni asılılığı yaradırmış… Narkotiki heç olmasa atmaq olur, adam beyni ilə dirəşib dözür, amma ürəyə söz keçirmək… Mənim üçün ən çətin olan da budu…

Sevil alışqanı yandırmamış aşağı apardı, maraqla Orxana baxdı:

– Deməli, narkotikdən canını qurtarmısan, məndən yox? 

Orxan qabağa gəlib Sevilin dodağından öpdü, amma aylardır həsrətini çəkdiyi bu öpüş ona birdən bayağı göründü. Sevil dirsəyi ilə Orxanı itələyib alışqanı yenə qaldırdı. 

– Sevil, eyni şeyi səndən gözləyirəm. Bunu da çək, sonra birdəfəlik at. Aramızda olan nədirsə, qoy onu təmiz yaşayaq.

– Aramızda olan bəlkə elə budu? – Sevil kinayə ilə Orxanı süzdü, – Bir yerdə başlamışıq. Sən başlamısan, mən də sənə qoşulmuşam… Özünü təmizə çıxarıb məni günahlandırma. Mən səni həmişə olduğun kimi qəbul etmişəm. İndi də səndən eyni şeyi gözləyirəm. Çox şey istəyirəm? 

Orxan qaşlarını çatıb fikrə getdi. Sonra ağlına nə gəldisə, birdən soruşdu:

– İndi ən yaxının kimdi? İtirməkdən qorxduğun kim var?

– Sən… Nə bilim… Həə… Bir də iş yoldaşım var, Arzu. Təzə tanış olmuşuq, amma çox anlayışlı, düşüncəli adamdı. Özü də bizimlə eyni dalğadadı. Küçə heyvanlarına qarşı yaman həssasdı… Yaxşı da rəsm çəkir. Hətta ona dedim ki, tatu ustası olsun… Ona səndən o qədər danışmışam, səni yolda görsə, tanıyar…

Sevil Arzudan danışdıqca həyəcanlanırdı. Orxan onun sözünü yarıda kəsib soruşdu:

– O da çəkir?

– Nə boyda şey danışdım, sənə maraqlı gələn budu?

– Çəkir, hə?

– Yox, arada mənə qoşulur. Ancaq bu qədər.

Orxan əliylə saçlarını qarışdırıb başını buladı. Sevil siqareti yandırdı. Siqaretdən qıvrılıb qalxan tüstü Orxanın burnuna doldu. Əlləri titrədi. Ağzı tüpürcəkləndi. Orxan başa düşürdü ki, Sevilsiz ona çətin olacaq. Sevilsiz, təmiz, ayıq, maraqsız həyat istəmirdi. Onun həyatına məna qatan tək Sevil idi. Sevilə baxıb dedi:

– Əvvəl növbə iki tüstüdən bir dəyişirdi.

Sevil ürəkdən güldü, gözləri işıldadı. Siqareti Orxana uzatdı. Külək qarşıdakı beşmərtəbənin eyvanından asılmış nəm paltarları yellədirdi. Orxan səliqə ilə yan-yana sərilmiş paltarlara baxırdı. İdman şalvarı, köynək, yenə şalvar, sonra yenə köynək…

– Noldu? – Sevilin səbirsiz səsi gəldi.

– Bunun axırı yoxdu, Sevil.

– Mən həyatımdan məmnunam.

– Narkoman kimi yaşamaq xoşuna gəlir? 

– Orxan… – Sevil pəncərədən düşüb qışqırmağa başladı, –  Dur s… burdan! Rədd ol! 

Orxan da pəncərədən düşdü, Sevilə yaxınlaşmaq istədi:

– Mən sənə görə…

– Əvvəlki günlərin yadından çıxıb? İndi gəlib mənə ağıl öyrədirsən? 

– Arzu kişidi, hə?

– Dur s… burdan! Səni çağırandadı günah axı… – Sevilin qışqırığı ağlamağa keçmişdi.

– Arzu kişidi?

Sevil bərkdən ağlaya-ağlaya həyətin o biri küncünə getdi. Siqaret əlindən yerə düşmüşdü. Sevilin ağlamağı Orxana toxunsa da, ayaq saxlamadı. Qapını açıb içəri keçdi, çantasını götürüb kafedən tələsik çıxdı. “Old Velvet”-dən qaçıb canını qurtarmaq istəyirdi. Bir də arxadan gələn siqnal səslərinə diksinib ayıldı. Piyada xeyli yol gəzmişdi, metronu da çoxdan arxada qoymuşdu, təzə salınmış velosiped zolağı ilə Ağ Şəhər tərəfə gedirdi. Kənara çəkildi, yanından ötüb keçən velosipedçilərin arxasınca baxmağa başladı ■

***

Anar Oğuz 2002-ci ildə Ağdam rayonunda anadan olub. Peşəkar aşpaz və baristadır. Hərbi xidməti başa vurduqdan sonra Azərbaycanda, Bosniya və Herseqovinada, Monteneqroda və Serbiyada işləyib. Hal-hazırda Albaniyada aşpaz işləyir.

Notes

  1. Antinatalizm – dünyaya övlad gətirməyi etik baxımdan doğru hesab etməyən dünyagörüşü.

  2. Avstraliyalı “Empire of the Sun” duetinin mahnısı.

  3. Mən sənin haqqında hər şeyi bilirəm…

    Sən mənim haqqımda hər şeyi bilirsən…

    Biz özümüz haqqımızda hər şeyi bilirik…

  4. Çakra – buddist və induist təlimlərinə görə insan bədənində konsentrasiya olunmuş enerji nöqtələri.

  5. Amerikalı yazıçı Çak Palanikin (Chuck Palahniuk) romanı.

Discover more from fm/am

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading