Hekayətnəvis

Anar Oğuzun bej rəngli saç rezininə ithaf olunur.

Потерю совершенства можно ощутить,
только если совершенство существует. (Э.Ю.)

Hacı İlham gözlərini telefonun ekranına dikib. Məclisdə gedən söhbətlər ona maraqlı deyil. Şəhadət barmağı dirijor çubuğu kimi andante tempində sensorlu ekran boyunca qalxır və enir. Ədəbi mühitin akulaları və kilkələri, Balzak obrazlarının yaşına çatmış qadınlar və növcavan filologiya tələbələri, Binə bazarında biznes tərəfdaşları və Köhnə Günəşlidə domino yoldaşları, professor Cəmil Həsənli və “kombi” ustası N… Hacı İlham qəfil başını qaldırıb masa arxasında oturanları bir-bir süzür. Gördüyü şəkilmi, yoxsa oxuduğu sözlərmi yaddaşının dərinliyində ən qaranlıq zirzəminin paslı qıfılını, ardınca da ağır qapılarını taybatay açıb. Zirzəmidən gələn nəm və kəsif qoxu burnunu qıcıqlandırır, sanki bu dəqiqə asqıracaq. Hacı İlham bədənini qabağa verir, divanda, ya da stulda oturmağından asılı olaraq, enli sinəsini, ya da qabarıq qarnını masanın kənarına dayayır və deyir:

“O vaxt Ufada bizimlə Sabirabaddan bir cavan oğlan var idi… Rauf… Yalan olmasın, iki metrə boyu olardı… O yazığı mənim gözümün qabağında necə öldürdülər…”

Yaxın oturun, indi ofisiant çayı təzələyib stəkanları dəyişəcək, Hacı İlham isə sabirabadlı Raufun müsibətini bizə növbəti dəfə nəql edəcək. Amma əvvəlcə başını bulayıb gözlərini bir anlıq aşağı dikir və yunan xorunun müdaxiləsi üçün pauza verir.

Nadir Yalçın (patetik): Anan ölsün, ay Rauf, sənin Rusiyada nə işin var idi, ölməyə getmişdin?!

Bizim müsəlman mədəniyyətində hələ hədis rəvayətçilərindən gələn və sonradan bütün ədəbiyyatımıza mütləq hakim kəsilmiş bir bədii texnika var. Mizansəhnə dəyişə bilər, amma əhvalatın məğzi və məzmunu hər dəfə dəyişməz qalır. Məsələn, bir dəfə Məhəmməd peyğəmbərin çörək yemək üçün süfrəyə oturduğunu, gələn dəfə isə süfrədən qalxdığını deyə bilərlər. Bir dəfə ağacın altında kölgədə dayanmış ola bilər, gələn dəfə kölgədə oturmuş. Bir dəfə namaz qılmaq üçün məscidə gəldiyini, gələn dəfə namazdan sonra məscidi tərk etdiyini deyə bilər eyni hədis rəvayətçisi… amma hər dəfə Tanrı elçisi məscidin qapısında ayaq saxlayıb səhabələri süzür və deyir. Sinonimlər gəlir və gedir, cövhər isə öz yerindədir.

Bugünkü müsəlmanlara bəlkə də küfr, şirk, günah, israiliyyat, şüeybiyyə, hətta qətli vacib əməl kimi görünə bilər, amma sovet dövründə Azərbaycan müsəlmanlarının hədisləri Molla Nəsrəddin lətifələri cildində kamuflyaj etmək adətləri var imiş. Sonra onları məclislərdə rahat danışırmışlar. Daha sonra bu “lətifələr” ayıq-sayıq sovet senzorlarından yayınıb kitablara və mətbuata düşürmüş. Molla Nəsrəddin lətifələrindən bəzilərini oxuyursan və eşidirsən – görürsən ki, heç gülməli deyil, əksinə, çox ibrətamizdir. Onlardan bəzilərini hədisləri yaxşı bilən tanışlara danışmışam. Əksəriyyəti hədis çıxıb, hədis olmayanlar da – həm şiə imamları, həm sünni övliyalarının həyatlarından gerçək əhvalatlar.

Növbəti dəfə dost-tanışla oturanda onların danışdığı əhvalatlara diqqətlə qulaq kəsilin. Bax bu konkret əhvalatı artıq eşitmisiniz. Tanışınız tanış əhvalata yeni mizansəhnədə quruluş verir. Hacı İlhamın da əhvalatları belədir. Bir dəfə Raufun solunda imiş, bir dəfə sağında, bir dəfə də Raufun boyunun dəqiq ölçüsünü öyrənəcəksiniz – bir metrə 97 santı. Lap Orxan Saffarinin boyunda. Amma bütün hallarda, bütün hallarda, yunan xorunun ah-naləsi fonunda çeçen Ramzan axırda tətiyi çəkəcək.

İlham Əziz nə üçün yazır? Çünki, “Şimşəkdən sonra” hekayələr toplusu haqqında hələ üç il əvvəl yazdığım yazıda qeyd etdiyim kimi, onun deməyə sözü var. İlham Əziz 50 illik bir həyatın qazandırdığı insan təcrübəsini yazıya tökmək üçün yanıb qovrulur. Hər dəfə çeçen Ramzanın tapançasından çıxan güllə sabirabadlı Raufun kəlləsindən keçib qarşı tərəfdəki pəncərənin şüşəsini çilik-çilik edəndə, İlham Əziz bizim də bu mənzərəni onun gözləri ilə izləməyimizi istəyir. Sadəcə, onun əlindəki bu misilsiz və təkrarsız həyat materialı bitmiş bir epoxanın (sovet dövrünün) köhnəlmiş yazı texnikasının (kənd nəsrinin) girdabında məhv olurdu.

İlham Əzizin bu il “Park” nəşriyyatında çapdan çıxmış “Qəvvas” romanı haqqında yazıda Seymur Baycan da onun əvvəlki hekayələri barəsində aşağı-yuxarı eyni dəyərləndirməni səsləndirir:

…İlhamın bəzi hekayələrini oxumuşdum. Oxuduğum hekayələri meşşanların ədəbiyyat təsəvvürlərinə, meşşanların nəsr meyarlarına, zövqlərinə daha çox uyğun gəlirdi. Bəzi qələm yoldaşlarım onun hekayələrinə palaz-palaz bəy tərifləri vursalar da, şəxsən mən tərifləməli elə bir ciddi cəhət görmürdüm. Başqa cür ifadə etsəm, İlham hekayələrində həyata mənasız yerə əlvan rənglər əlavə etmiş, hadisələrə heç bir ehtiyac olmadığı halda mənalar yükləmişdi. Çox güman, böyük ehtimalla bu lazımsız ədəbi gedişlər, əsl həyatdan, reallıqdan yan keçib psevdohəyata meyl salmaq, psevdolirikaya aludə olmaq qələm təcrübəsizliyindən irəli gəlirdi.

Həm mənim, həm də Seymur Baycanın nəyi nəzərdə tutduğunu əyani göstərmək üçün İlham Əzizin “Şimşəkdən sonra” dövrünə aid bir hekayəsinin girişinə nəzər salmaq burada yerinə düşərdi:

Novruzdan günlər keçmişdi, kəndə yaz gəlmişdi, torpaq təzələnmişdi, su təzələnmişdi, göy təzələnmişdi… Günəş təzə gəlin kimi bulud arxasından gülümsəyib yaşmaqlanmışdı. Ağaclar, otlar, çiçəklər göyün bulud pəncərəsindən gülümsəyən gözəlim günəşi görcək, canlarına isti yayılmışdı, hamısı o pəncərəyə boylanmışdı, baxmışdı. Qızlar, gəlinlər çiçək açmışdı, güllü geyinmişdi, al geyinmişdi. Nişanlı qızlara bayramcalığı gəlmişdi, hamısı sevinmişdi.

Bu vaxtlar Kürqırağı meşələrinin ayrı ləzzəti olur, yemlik ətri, cincilim ətrinə qarışır, göbələklər belindən torpağı töküb üzə çıxır, ağaclar zahı qadınlar kimi utana-utana tumurcuqlarından yarpaq doğur. Hər il bu vaxtlar kəndə gəlirəm, meşəyə gedirəm, Kürə gedirəm. Kürün suyunda əl-üzümü yuyuram, su üzümə dəyir, ruhumu yuyur, məni xoşbəxt edir. Yuxarıda bayramcalığı gəlmiş nişanlı qızların gülüşləri havaya fişəng kimi açılır, göyə qalxır, çiliklənir, axşama qədər yol gedir, gecələr ulduzlara dönür, ulduz taleyimiz olur, sayrışır.

Hekayə bu tərzdə yazılmış dörd abzasla başlayır. Tənqidçinin sizə rəhmi gəldiyi üçün ancaq ikisini sitat gətirir. Belindən torpağı töküb üzə çıxan göbələklərdən başqa burada heç bir uğurlu poetik obraz yoxdur. Bu dörd abzasda hətta Kür də çay deyil, klişedir. Ekspozisiya, ya da anqlo-amerikanlar demiş, setup yalnız bu dörd abzaslıq lirik ricətdən sonra gələcək. 

İlham Əzizin hekayələrindəki, Seymur Baycanın təbiri ilə desək, bu “psevdohəyat” və “psevdolirika” onun Əkrəm Əylislini yamsılamağının nəticəsi idi. Yenə öz yazdığımdan sitat gətirdiyim üçün oxuculardan üzr istəyirəm, “Şimşəkdən sonra” dövrünün İlham Əzizi ancaq Əkrəm Əylislini oxuyurdu, ancaq Əkrəm Əylislini sevirdi, ancaq Əkrəm Əylislinin epiqonçuluğunu edirdi. İlham Əzizin hekayələrində bu imitasiya və ikincilik məsələsini 2025-ci ilin 17 iyun tarixində barrikadanın o biri tərəfində – Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində keçirilmiş müzakirədə tanınmış ədəbiyyatşünas Tehran Əlişanoğlu da qeyd etmişdi.

Burada haşiyə çıxıb bir məqama toxunmaq istəyirəm. “Barrikada” sözünü metafora kimi işlədən bir xeyli insandan fərqli olaraq, mən gerçək barrikada görmüşəm. Kiyevdə. Səfərim Maydan hadisələri vaxtına təsadüf etmişdi. Şəhərin mərkəzində gəzə-gəzə İnstitutska və Bankova küçələrinin kəsişməsinə gəlib çatmışdım. Görmüşdüm ki, keçilməz barrikada qurublar. Bu tərəfdə müxalif etirazçılar xorla Ukrayna xalq mahnıları və patriotik marşlar oxuyurdu, o biri tərəfdə üzü niqablı və əli avtomatlı Berkut keşik çəkirdi. Deməyə lap utanıram, Ximeralı evə baxmaq istəyirdim. Bir dəfə, hələ əmin-amanlıq illərində, gündüz vaxtı tamaşasına durmuşdum, indi də gecə vaxtı seyrinə dalmaq istəyirdim. Bax, bu məqamda qəfil mənə çatmışdı ki, Ximeralı ev Prezident Administrasiyasının binası ilə üzbəüzdür; barrikadanın bu üzündən o biri üzünə keçmək üçün isə insanda müstəsna fiziki və mənəvi güc olmalıdır. Amma mövzumuza qayıdaq.

Mənə məlum olmayan səbəblərdən Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində keçirilən müzakirələrin stenoqramları “Ədəbiyyat qəzeti”ndə artıq dərc olunmur. Böyük ehtimalla, cəridəni bütünlüklə deputat yazıçılar və prokuror şairlər haqqında ədəbi tənqidi məqalələr doldurur, həvəskar materiallara yer qalmır. Buna görə də Tehran Əlişanoğlunun fikirlərini iki etibarsız mənbəyə – yaddaşıma və tutduğum qeydlərə əsasən rekonstruksiya etməyə çalışacam. Əgər, şayəd, hörmətli Tehran müəllim bu rekonstruksiyada onun işgüzar nüfuzuna xələl gətirən hal olduğu qənaətinə gəlsə, ondan xahişim budur ki, məhkəməyə müraciət etmək əvəzinə Mətbuat Şurasına müraciət etsin və bu xoşagəlməz insidenti şuranın Şikayətlər üzrə Komissiyasında qarşılıqlı razılaşma əsasında yoluna qoyaq.

Tehran Əlişanoğlu da qeyd edirdi ki, İlham Əzizin “camaata deməyə sözü var” və bu, daha çox Rusiyada yaşayan və işləyən azərbaycanlılar haqqında mətnlərdə özünü büruzə verir. İlham Əzizin yaradıcılığında digər iki xətt – kiçik adamın faciəsi və kənd mövzusu onun öz mövzuları deyil, açıq-aşkar imitasiyadır. Hörmətli Tehran müəllim ad çəkməsə də, bu imitasiyanın can atdığı platonik idealı da dəqiq göstərmişdi – Əkrəm Əylisli. Sovet ədəbiyyatşünaslıq məktəbinin ad çəkmədən hədəfi dəqiq nişan vermək məharətinə həmişə valeh olmuşam.

İlham Əzizin “Qəvvas” romanı dərc olunandan sonra və hələ özüm romanla tanış olmağa fürsət tapmamış, onlayn media və sosial mediada yayımlanmış əksər ədəbi tərifləri diqqətlə oxumuşdum. Məndə belə təəssürat yaranmışdı ki, müəllif Əkrəm Əylisli tilsimini nəhayət qıra bilib, amma Şərq tərzi hekayətnəvislikdən Qərb tərzi hekayəçiliyə də keçid edə bilməyib. Üstəlik, əhvalatçılıq və hekayəçilik bölgüsünə artıq mən də antaqonist açarda yox, dixotomik açarda yanaşırmışam. Burada pafosla “yaş insanı müdrikləşdirir” demək olardı, amma Maya Kuçerskayanın qələmə aldığı Leskovun yeni bioqrafiyasının intellektual gücünə mütləq istinad verməliyəm.

“Qəvvas” romanı 90-cı illərin əvvəllərində baş qəhrəman İlqarın həyatının əvvəlcə dövlət qulluğunda, sonra kriminal çevrədə keçən dövrlərindən bəhs edir. İlqar obrazının prototipi müəllifin özüdür. İlqar da İlham Əziz kimi Salyan rayonunda kasıb müəllim ailəsində anadan olub. Hələ üçüncü kurs tələbəsi olarkən, tale İlqarı yenicə müstəqillik qazanmış ölkənin Maliyyə Nazirliyinə gətirib çıxarır. İlqar burada öz mənəvi təmizliyini itirir, korrupsionerə və dələduza çevrilir. Nəhayət, əməllərinin üstü açılanda Rusiyaya qaçır, amma xilas axtardığı yerdə qəfildən kriminal çevrələrin mərkəzinə düşür. Kitabın birinci hissəsi İlqarın Bakıda Maliyyə Nazirliyində işlədiyi dövrü, ikinci hissəsi isə onun kriminal mühitə – Ufada azərbaycanlıların qurduğu “obşaka” uyğunlaşmaq cəhdlərini təsvir edir.

“Qəvvas” haqqında ən geniş yayılmış tənqidlərdən biri kitabın tərtibatı ilə bağlıdır. Əksər ədəbi tərifçilər kitabın üz qapağının estetik olmadığı barəsində qənaəti bölüşürlər. Doğrudur, kitabın üz qapağına baxanda tərtibatçının naşirlərin zövqləri ilə aramsız mübarizə apardığını görürük, amma bu tənqid mahiyyəti üzrə deyil, bizi yox, kitabın naşirlərini məşğul etməlidir. 

“Qəvvas” haqqında daha bir tənqid əsərin adı ilə bağlıdır. Bu adın roman üçün uğursuz və uyğunsuz olduğunu deyirlər, hətta bir qədər irəli gedərək müəllifin növbəti nəşrdə bu adı dəyişməyini təklif edənlər var. Burada, “qəvvas” sözünü ilk dəfə eşitdiyini təəccüblə bildirib ardınca da roman haqqında “ədəbi tənqid” dərc edən şəxsləri müzakirə etmirik, çünki onlar psixiatriyanın predmetidir. Azərbaycan dilinin izahlı lüğətinin yeni nəşrinin III cildində “Qəvvas” maddəsində hətta Koroğlu dastanından nümunə çəkilib:

Atı minmişəm gəzməyə,
Düşmən bağrını əzməyə,
Tona çayını keçməyə,
Qırat bir qəvvas olaydı.

Kişiyə heykəl qoymaqla iş bitmir. “Koroğlu” orta məktəb proqramındadır. Üstəlik, orta məktəblər üçün ədəbiyyat müntəxəbatındadır.

“Qəvvas” adı uğurlu və ya uğursuz seçim ola bilər, amma bu tənqid də mahiyyəti üzrə deyil. Mən roman janrının geniş vüsət tapdığı anqlo-amerikan, roman-german və slavyan ədəbi sferaları ilə müəyyən qədər tanışam. Bədii əsərlərdən əlavə həm ədəbi tənqid yazılarını, həm də müxtəlif yazıçıların dərc olunmuş gündəlikləri və yazışmalarını oxumağa çalışıram. Nə vaxtsa, hansısa tənqidçi və yazıçının, hətta oxucunun ictimai müzakirədə hansısa müəllifin öz əsərinə başqa ad qoymalı olduğunu və ya yeni nəşrdə adını dəyişməyi təklif etdiyini indiyə qədər görməmişəm. Belə müzakirələr əsərin dərcindən əvvəl naşirlər və yazıçılar arasında daxili yazışmalarda gedir, təbiidir; amma əsər dərc olunandan sonra ictimai müzakirədə tənqidçilərin, yazıçıların, oxucuların bunu deməyi movetondur. Roman janrının geniş vüsət tapdığı anqlo-amerikan, roman-german və slavyan ədəbi sferalarında belə halların şahidi olanlar varsa, onlardan acizanə rica edirəm ki, bu məlumatı mənə yönləndirmək üçün dostumuz Vüqar Vana göndərsinlər.

Bu yerdə “Qəvvas” romanının dili və üslubu haqqında bir neçə kəlmə demək yerinə düşərdi. İlham Əzizdən çəkindikləri üçün açıq bildirməsələr də, üstüörtülü eyhamlardan məlum olur ki, bir xeyli ədəbi akula və ədəbi kilkə romanın dili və üslubundan narazı qalıb, çünki “Şimşəkdən sonra” toplusundan fərqli olaraq bu mətndə Əkrəm Əylisli estetikasında lirik ricətlər yoxdur. Kür təzə gəlin kimi bəzənmir, günəş yaşmaqlanmır, qız-gəlinlər bayramcalıq almır, qaratoyuqlar ağacların koğuşunda xumarlanmır, çaylar nehrə kimi çalxalanıb köpüklənmir… 

Üslub müəllifin seçimidir. Oxucunun işi – bəyənmək və ya bəyənməməkdir. Tənqidçinin işi isə müəllifin üslub seçiminə öz estetik prinsipləri və zamanın ruhundan çıxış edərək qiymət verməkdir. “Şimşəkdən sonra” toplusundakı hekayələrin dil və üslubunu mən də vaxtilə tənqid etmişəm, çünki bu gün Qazax və Pirallahı, Yalama və Astara arasındakı coğrafi arealı çıxsaq, dünyada əsasən sadə, quru, dinamik və kinematoqrafik cümlələrlə yazırlar. İran klassiki Məhəmmədəli Camalzadənin sadə dildə yazmağın fəzilətləri haqqında hələ 100 il bundan öncə qələmə aldığı polemik yazını bizim “fm/am” bloqunda oxuya bilərsiniz. İtalo Kalvinonun mən anadan olan ildə Harvardda oxumalı olduğu, amma ömrü vəfa etmədiyinə görə gerçəkləşməmiş qalan “Yeni minillik üçün altı yaddaş kağızı” adlı mühazirələrindən birincisi “Yüngüllük” adlanır. Kalvino yazır ki, 40 illik yazıçı karyerasında: 

“Mənim yazı metodum, bir qayda olaraq, çəkini yüngülləşdirməyi nəzərdə tutub. Mən bəzən insanların, bəzən səma cisimlərinin, bəzən şəhərlərin, ən əsası isə hekayə strukturu və dilin çəkisini yüngüləşdirməyə çalışmışam.”

Birdən kimsə Laslo Krasnahorkaini nümunə çəkmək istəyər, onların yadına salım ki, “Şeytan tanqosu” da mənim anadan olduğum ildə dərc olunub. Sadəcə, Nobeli indi veriblər. Ümumiyyətlə, mənim doğulduğum ildə London metropoliteninin stansiyalarında siqaret çəkməyə icazə var idi, Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri də Kamran Bağırov yoldaş idi. Çağdaş bədii əsərlərə verilən Buker kimi nüfuzlu mükafatların qalib romanlarını, qısa və uzun siyahılara düşən digər romanları oxumaq lazımdır. Başa düşürəm, akula və kilkələrin əksəriyyəti dil bilmir, amma qardaş Türkiyə Cümhuriyyətinin nəşriyyatları bu romanların bir çoxunu operativ şəkildə tərcümə və nəşr edir. İngiltərənin meşələrində də ağacların koğuşlarında qaratoyuqlar xumarlanır, amma nə hikmətdirsə, biz o qaratoyuqların yuxusunu müasir ingilis nasirlərinin hekayələrində görə bilmirik.

“Qəvvas” bu baxımdan müasir mətndir, amma texniki olaraq avtofikşn deyil. Çünki müəllifin adı İlham Əziz, romanı birinci şəxsin təkində nəql edən obrazın adı İlqar Quliyevdir. Romanın əsasında yatan hadisələr avtobioqrafik xarakterli olsa da, Köhnə Günəşlidə “altı moyka, üstü çayxanada” Hacı İlhamın əhvalatlarını canlı eşidən bizlərdən fərqli olaraq, sıravi oxucular üçün bu əsərdəki əhvalatların xatirə, yoxsa bədii təxəyyül məhsulu olduğunu kəsdirmək çətindir.

“Qəvvas” həm də klassik Qərb ənənəsi üzərində qurulmuş roman deyil, çünki Forsterin hələ 1927-ci ildə Kembricdə verdiyi mühazirələrində formulə etdiyi “the fate working through us, not the fate above us” prinsipindən xəbərsizdir. Əsərdə hadisələr sadəcə vaqe olur – İlqar obrazının başına gəlir. İlqar taleyin hökmü ilə Maliyyə Nazirliyinə işə düzəlir, taleyin hökmü ilə korrupsiyaya bulaşır və dələduza çevrilir, taleyin hökmü ilə Rusiyada azərbaycanlıların kriminal çevrəsinə düşür və yenə də taleyin hökmü ilə bu çevrədən canını qurtarıb doğma kəndinə qayıdır. Burada “deus ex machina” yox, birbaşa Deus özü var. Əsərin əsas obrazı sanki Allah-təaladır. O, görünməz əli ilə İlqarın həyatını yönləndirir. Əsərdəki az qala bütün dramatik hərəkətlər bank sektorunun termini ilə desək, “acts of God” kateqoriyasına düşür. Buna görə də biz romanda Qərb hekayəçiliyi yox, Şərq hekayətnəvisliyi – hekayəçilik yox, əhvalatçılıq görürük. 

“Qəvvas” romanını əhvalatçılığa görə tənqid etmək olar, hətta belə nəzərdə tutun ki, mən də bu açarda olan bütün obyektiv tənqidlərə qoşuluram. Amma bizim daha ciddi problemimiz var – barmaqla sayılacaq istisnalardan başqa, 35 illik müstəqillik dövründə yaranmış nəsr əsərlərimiz əksərən əhvalatçılıq üzərində qurulub. Ədəbiyyat İnstitutunda Tehran Əlişanoğlunun rəhbərlik etdiyi Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin adını dəyişib çox rahatlıqla Əhvalatşünaslıq şöbəsi də qoya bilərik. İlham Əzizin romanını dişimizə vurub vicdan rahatlığı ilə “əhvalatçılıqdır” deyə bilməyimiz üçün sağlam dişlərimiz varmı?

Sözün açığı, “Şimşəkdən sonra” hekayələr toplusunu oxuyanda nə qədər fizioloji ikrah hissi keçirmişdimsə, “Qəvvas” məni bir oxucu kimi bir o qədər də məmnum edib. Mən də Seymur Baycanın ardınca “İlhamdan bunu gözləmirdim” deyib hayqırmaq istəyirəm.

Əvvəla, romanın yüyrək dili və mövzusu özünü oxutdurur. Maraq bəzən o qədər güc gəlirdi ki, mənim kimi nikotin aludəçisi arada yeni siqaret alışdırmağı unudurdu. Bu qədər qəliz mətləbləri sadə cümlələrlə yazmaq mürəkkəb cümlələrlə yazmaqdan daha çətindir, yoxsa bizim hər “köşə” yazarı Knausqor olardı. 

İkincisi, bu roman 90-cı illərin mənzərəsini tamamilə yeni perspektivdən göstərir. Kitabın birinci hissəsində dövlət aparatı və biznes mühitini culğamış korrupsiya və özbaşınalığa, ikinci hissəsində isə Rusiyada azərbaycanlı kriminal çevrələrin fəaliyyətinə məhz insayderin baxış bucağından nəzər salırıq. Bizə məlum olur ki, Əlinin idarə etdiyi “obşakda” qanunçuluq və qanunun aliliyi daha çoxdur, nəinki müstəqilliyə yeni qədəm qoyduğu illərdə Azərbaycanın Hökumət evinin koridorlarında. Kriminal aləmin fiqurları, xüsusən Əli və Zaur obrazları bir neçə ştrixlə o qədər dərininə təşrih edilib ki, oxucunu biganə saxlaya bilmir. Əgər romanda təsvir olunan səhnələr həqiqətən baş veribsə, bəlkə mən də orada olsaydım, nə yalan deyim, Əlinin və Zaurun qarşısında onların zəhmindən tir-tir əsərdim.

“Qəvvas” romanının ictimai və sosioloji dəyəri haqqında burada danışmaq istəmirəm, yazı onsuz da bütün əndazələri keçir, TikTok dövründə hər əlavə abzas əlavə oxucu itkisi deməkdir. Professor Cəmil Həsənli sosial media paylaşımında romanın bu tərəflərini ümumi konturlarla cızıb. Sovet şablonları ilə desək, romanın bu istiqamətdə təhlili gələcəyin vəzifəsi olaraq qalmaqdadır. Əlbəttə, ədəbiyyatşünaslıq bu romanın forma və məzmun baxımından zəif tərəflərini aşkara çıxaracaq, amma mövqeyi olan nəsr sənətkarlıq baxımından zəif də olsa, məqbuldur.

Əhvalatçılığa gəldikdə isə, bəlkə də daşı ətəyimizdən töküb vəziyyəti olduğu kimi qəbul etməliyik. Müxtəlif formalarla eksperiment edən və edəcək olan bir ovuc yazıçı istisna olmaqla, Azərbaycan ədəbiyyatında nəsr əsərləri yəqin bundan sonra da bir müddət üçün əhvalatçılıq texnikası üzərində qurulacaq. Üstəlik, oxucu da hazır deyil.

Marksist ədəbi tənqidin nəzər nöqtəsindən baxsaq, müasir roman – inkişaf etmiş sənaye kapitalizminin təzahürüdür. Müasir roman uğurlu janr kimi məhz inkişaf etmiş kapitalist cəmiyyətlərində təşəkkül tapır. Nə qədər ağlabatan fikirdir, deyə bilmərəm. Kifayət qədər əks arqumentlər də var. Ən azından, müasir romanın bu gün də standartı və ölçü meyarı hesab olunan klassik dramaturji strukturun prinsiplərini hələ 2300 il əvvəl Aristotel yunan teatrına baxaraq formulə edib. Kitab dükanlarında satılan bütün yazı sənəti və ssenari dərslikləri Aristotelin “Poetika”sının fərqli üslub və formalarda icmalı və şərhidir. Bu sahədə son 2300 ildə yeni söz çox da deyilməyib.

Hekayətnəvislik və hekayəçiliklə bağlı müzakirələrə baş vuranda bir məqam da gözümüzdən yayınır. Nəhayət, İlham Əziz onu içdən qovurub yandıran əhvalatları danışmaq üçün adekvat ifadə vasitəsi tapa bilib. Bizim qarşımızda bitkin bir ədəbi mətn var. Fərqli ədəbiyyatşünaslıq məktəblərinin tələblərinə cavab verib-verməməyindən asılı olmayaraq, bu mətn uğurlu mətndir.

Yekunda mənim ancaq bir cavabsız sualım qalır. Görəsən 90-cı illəri canlı görmüş son sovet, ilk post-sovet nəsilləri kimi müstəqillik dövründə yetişmiş və həmin illərə uzaq XX əsr kimi baxan yeni nəsillərə də “Qəvvas” romanı eyni dərəcədə maraqlı gələcəkmi? Maks Friş yazırdı ki, insan müəyyən təcrübə yaşayır, sonra isə öz hekayəsini axtarır. Bizə bədii ədəbiyyat oxutduran əsas motiv də budur. Servantesin “Don Kixot”unda da, Çəmənzəminlinin “Studentlər”ində də biz öz hekayəmizi axtarırıq. “Qəvvas” romanında yeni nəsillərin də hekayəsi varmı? Bu suala cavab vermək bizim gücümüz xaricindədir ■

Notes

  1. ↩
  2. Rusiyada şəhər, Başqırdıstanın paytaxtı. ↩

  3. Obrazların və dekorasiyaların səhnədə və ya kadrda məkan, işıqlandırma və kompozisiya baxımından yerləşdirilməsi və hərəkəti. ↩

  4. Əli Novruzov, Ədəbi qonaqlıqdan reportaj. Kulis.az, 7 avqust 2023. https://kulis.az/xeber/senet/ilham-ezizin-yaradiciliginda-bir-dene-bedii-metn-yoxdur-eli-novruzov-48752 ↩

  5. Seymur Baycan, Xəzinə və peyinlik haqqında. Kulis.az, 25 mart 2026. https://kulis.az/xeber/edebi-tenqid/ilhamin-bele-roman-yazacagini-qetiyyen-gozlemirdim-seymur-baycan-66264 ↩

  6. 1917-ci ildən əvvəl Rusiyada şəhər əhalisinin aşağı təbəqəsini ifadə edən “meşşan” sözü (rusca “мещанин”) məcazi mənada dünyagörüşü dar olan, ictimai məsələlərə və mənəvi dəyərlərə laqeyd, gündəlik məişət qayğıları ilə yaşayan xırda mülkiyyətçi əhval-ruhiyyəli insanları ifadə edir. ↩

  7. “Biri var idi, Məmmədbağır”. https://www.kulis.az/xeber/ilham-eziz/edebi-tenqid/Evin-icind-unudulan-Mmmdbagir-colorredYeni-hekaycolor-27606 ↩

  8. 2013-2014-cü illərdə Ukraynada hakimiyyət dəyişikliyi və Rusiya ilə münasibətlərin kəsilməsi ilə nəticələnən kütləvi etirazlar. Ukraynada bu hadisələrə “Ləyaqət inqilabı” da deyilir. ↩

  9. Ukrayna Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı milis dəstəsi. ↩

  10. Memar Vladislav Qorodetski tərəfindən 1901-1903-cü illərdə inşa edilmiş tarixi malikanə, Kiyevin tanınmış memarlıq abidələrindən biri. ↩

  11. Майя Кучерская. Лесков: Прозёванный гений. Москва: Молодая гвардия, 2021. ↩

  12. Oğru jarqonunda “obşak” həm kriminal çevrələrin qara kassasını, həm də belə bir qara kassa ətrafında formalaşmış kriminal qrupu ifadə edir. İlham Əzizin romanında bu söz daha çox ikinci mənasında işlədilir. ↩

  13. “Roman və hekayə kitabları ən yaxşı xəzinəyə çevriləcək” ↩

  14. Italo Calvino (1923-1985) – italyan klassiki, hekayə ustası, “Bir qış gecəsi yolçu” romanının və “Əcdadlarımız” trilogiyasının müəllifi. ↩

  15. Italo Calvino. Six Memos for the Next Millenium. New York: Vintage International, 1993. ↩

  16. László Krasznahorkai (d. 1954) – macar yazıçı və ssenarist, 2025-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı. ↩

  17. Buna görə də sadə, quru, dinamik və kinematoqrafik cümlələrlə yazmaq lazımdır. ↩

  18. Müəllifin öz adından yazdığı və məqsədyönlü şəkildə öz real həyatı ilə təxəyyül məhsulu olan elementləri birləşdirdiyi mətnlər. XX əsrin 60-70-ci illərində Fransada təşəkkül tapdığı deyilir. Bu janrda yazan çağdaş müəlliflərə Annie Ernaux (d. 1940), Christian Kracht (d. 1966), Karl Ove Knausgaard (d. 1968) və Azərbaycan əsilli Rusiya yazıçısı Yeganə Cabbarovanı (d. 1992) nümunə göstərmək olar. ↩

  19. ↩
  20. “Bizə diqtə edən tale yox, bizim vasitəmizlə işləyən tale” ↩

  21. Qədim yunan və Roma teatrından gələn, latınca “mexanizmin içindən çıxan tanrı” mənası verən bu ədəbi priyom əsərdə çıxılmaz düyünləri açmaq üçün gözlənilmədən meydana çıxan hadisə, personaj və s. vasitələri ifadə edir. ↩

  22. Tanrı (latınca) ↩

  23. Müqavilə tərəflərini öhdəliklərdən azad edən fors-major hadisələr. Hərfi tərcüməsi – Tanrının əməlləri. ↩

  24. Karl Ove Knausgaard (d. 1968) – Norveç yazıçısı, avtofikşn janrında altı cildlik “Mənim mübarizəm” romanının müəllifi. ↩

  25. Cəmil Həsənli. İlham Əzizin “Qəvvas” romanı haqqında oxucu qeydləri. https://www.facebook.com/cemil.hasanli/posts/ilham-%C9%99zizin-q%C9%99vvas-roman%C4%B1-haqq%C4%B1nda-oxucu-qeydl%C9%99riq%C9%99vvas%C4%B1-b%C3%B6y%C3%BCk-maraqla-oxudum-m/26610888798562501/ ↩

  26. Max Frisch (1911-1991) – İsveçrə yazıçısı, “Ştiller”, “Homo faber” və “Adım Qantenbayn olsun” romanlarının müəllifi. ↩

Discover more from fm/am

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading